FHN-dən avtomobil sahiblərinə xəbərdarlıq: Bu qaydaya əməl edin - VİDEO

FHN-dən avtomobil sahiblərinə xəbərdarlıq: Bu qaydaya əməl edin - VİDEO
SOSİAL
11:10 02.07.2026
330
Fövqəladə Hallar Nazirliyi (FHN) avtomobillərin təyin olunmamış yerlərdə və nizamsız şəkildə park edilməsinin fövqəladə hallara operativ müdaxiləni çətinləşdirdiyini bildirib.

AZXEBER.COM xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, bəzi sürücülərin yol verdiyi bu cür hallara görə yanğın və digər fövqəladə hadisələr zamanı xüsusi təyinatlı texnikaların hadisə yerinə maneəsiz yaxınlaşması mümkün olmur.

Qeyd olunub ki, bunun son nümunəsi ötən gecə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşayış komplekslərindən birinin ərazisində məişət tullantıları üçün ayrılmış sahədə baş verən yanğın zamanı müşahidə edilib. Nizamsız park edilmiş avtomobillər yanğınsöndürmə texnikasının hərəkətini çətinləşdirib.

FHN bir daha sürücülərə müraciət edərək xatırladıb ki, yanğın və digər fövqəladə hallar zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin hadisə yerinə maneəsiz çatması, xüsusi texnikanın operativ şəkildə döyüş vəziyyətinə gətirilməsi, həmçinin su hovuzları və hidrantlardan rahat istifadə olunması üçün avtomobillər yalnız ayrılmış park yerlərində saxlanılmalıdır.

Nazirlik sürücüləri nəqliyyat vasitələrini park edərkən digər avtomobillərin və xüsusi təyinatlı texnikaların sərbəst hərəkətinə mane olmamağa, təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

 



OXŞAR XƏBƏRLƏR