Altı il böyük zaman kəsiyi sayılmasa da, o, bu qısa müddətdə əməlli-başlı qocalmış, sifətindəki qırışların sayı xeyli artmışdı. Çuxura düşmüş gözlərinin dərinliyində bir yığın kədər gizlənmişdi. Bəlkə də qoluna toxunub onu xəyallar aləmindən ayırmasaydım, hələ bir müddət bu cür lal-dinməz dayanıb, gəlib-gedən adamlara tamaşa edəcəkdi.O, ani təmasdan diksindi. Sonra gözlərini ovuşdurub, məni başdan ayağa süzdü. Bir andaca sifəti işıqlandı. Arıq, çəlimsiz qollarını boynuma doladı. Biz yüz ilin dostları kimi görüşdük. Qəhər onu boğduğu üçün bir müddət dinib-danışmadı. Sükutu mən pozdum: “Necəsiniz, müəllim?”Gözlərini qırpıb, başını tərpətməklə kifayətləndi. Bu, onun köhnə adəti idi. İşləri yaxşı getməyəndə, kefini soruşan adamlara məhz bu cür cavab verirdi. Onun hərəkətinin mənası bu idi: “Birtəhər dolanırıq”.O, şikayət etməyi sevmirdi. Səbəbini isə belə izah edirdi: “Onsuz da bu zəmanədə şikayətə baxan yoxdur”. Həmişə bikef olanda etdiyi hərəkəti təkrarladığı üçün mən dostumun dərd-sərinin başından aşdığını dərhal anladım.Biz 2000-ci ildə tanış olmuşuq. O, həmin vaxt indiki Memarlıq və İnşaat Universitetində müəllim işləyirdi. Tələbə qohumlarımdan birini rüşvətxor həmkarının pəncəsindən xilas etdiyi üçün ona rəğbətim yaranmışdı. Biz 6 il dostluq etdik. Rektorun göstərişini yerinə yetirmədiyi üçün onu 2006-cı ildə işlədiyi universitetdən uzaqlaşdırandan sonra bir daha görüşmədik. Sən demə, bu hadisə dostumun səhhətinə mənfi təsir göstərdiyi üçün uzun müddət xəstə yatıb. Danışdıqca həmin iztirabları təkrar yaşadığı üçün onu daha çox sorğu-sual edib, dərdini təzələmək istəmədim. Söhbəti dəyişmək məqsədilə soruşdum: “Burda xeyir ola?”Əli ilə sağ tərəfdəki böyük binanı göstərib dedi: “Bir tələbəm burda işləyir. Axşam toya getmək üçün ondan pul almağa gəlmişəm”.Çevrilib binanın üstündəki lövhəni oxudum: “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi”.Qeyri-ixtiyari soruşdum: “Tələbəniz gəlməsə nə edəcəksiniz?”Əli ilə küçədə əyləşmiş qoca dilənçini göstərib dedi: “Onun yanında oturub, gəlib-gedənlərdən pul dilənəcəyəm”.Yadıma rəhmətlik Famil Mehdinin məşhur misraları düşdü: “Dilən, professor, dilən!”P.S. Mənə elə gəlir ki, Famil müəllim bu şeiri yazanda kiçik bir yanlışlığa yol verib. Gərək o, həmkarlarına məhz bu cür müraciət edəydi: “Dillən, professor, dillən!”P.P.S. Əgər alimlərimiz vaxtında özlərində cəsarət tapıb dillənə bilsəydilər, bu gün Kəmaləddin Heydərovun hansısa qulbeçəsinə möhtac qalmazdılar...