Fikrət Qoca: “Sən ananı, bacını baltalayanda Milli Məclisin qərarını gözləyirsən?”- MÜSAHİBƏ - FOTO

GƏNCLİK
02:25 20.10.2011
2615

Səhnə göydən bir az aşağı, yerdən də bir az yuxarıda dayanan bir yerdir

Xalq dəniz kimidir. Bu dənizin içində yaxşı balıq da, yırtıcı balıq da, zəhər daşıyan balıq da var.

Bizim üçün indi müxalifət, iqtidar olmamalıdır.

Vətənpərvərlik deyərkən pafosla “urra” deyə qışqırmaq lazım deyil.

Erməni bizim qızımıza, gəlinimizə sataşıb, bu gedir öz bacısını, gəlinini öldürür.

Sən bacını, ananı baltalayanda Milli Məclisin qərarını gözləyirsən?

Ramil Usubov MDB dövlətləri təhlükəsizlik xidmətlərinin İrəvandakı toplantısına qatılmamalıdır?

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.Festivalla bağlı AZXEBER.COM portalı Azərbaycan xalq şairi, Əməkdar incəsənət xadimi Fikrət Qocanın fikirlərini öyrənib. Müsahibəni olduğu kimi təqdim edirik.

Səhnə göydən bir az aşağı, yerdən də bir az yuxarıda dayanan bir yerdir

- Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı keçirilir.Bu festivala münasibətiniz?

Qəhrəmanlığı təbliğ etmək özü böyük bir işdir. İnsan televiziyalarda əyləncəli verilişlərə baxanda həqiqətən unudur ki, bu ölkənin müharibə deyilən bir problemi var. İnsanlarımız unudur ki, torpaqlarımızın üzərində erməni gəzir, havamızı alıb suyumuzu içirlər, müqəddəs yerlərimizi dağıdıb məzarlarımızı xarabalığa çeviriblər. İgid oğlumuz Mübariz buna dözməyib, gedib bizim intiqamımızı onlardan alıb. Və bu müqayisədə hiss olunur ki, biz yaxşı işləmirik, yaxşı çalışmırıq. Bu qədər mahnı bəstələnir, bu qədər meyxana təbliğ olunur, hər gün çalıb-oynayırlar. Bizim atalarımızın bir sözü var: “Dəliyə hər gün bayramdır”. Bu qədər olmaz. Bunun yönümü, səmti dəyişməlidir. Bu çalıb-oynamağın yerinə gərək Mübariz təbliğ olunsun. Mübarizi də süniləşdirərək təbliğ etmək olmaz, onu olduğu kimi insanlara çatdırmaq lazımdır. Bunun üçün ədəbiyyat işləməlidir, səhnələr işləməlidir. Bu qədər binalar tikilib ki, boş qalsın? Onların hamısı tikilib ki, səhnələr işləsin, ədəbiyyat işləsin. Səhnə göydən bir az aşağı, yerdən də bir az yuxarıda dayanan bir yerdir. O nə torpaqdır, nə də göydür. Ona görə səhnəyə tamaşaçılar inanır. Bundan istifadə edib gənclərə Mübarizin kim olduğunu demək lazımdır. Dövlət öz işini layiqincə yerinə yetirir, bəs biz nə iş görürük? Əsas sual budur.

Xalq dəniz kimidir. Bu dənizin içində yaxşı balıq da, yırtıcı balıq da, zəhər daşıyan balıq da var.

- Fikrət müəllim, sizcə, bir fərd olaraq biz öz üzərimizə düşəni yerinə yetirə bilmirikmi?

Bilirsiniz, xalq dəniz kimidir. Bu dənizin içində yaxşı balıq da, yırtıcı balıq da, zəhər daşıyan balıq da var. Çalışmaq lazımdır ki, yaxşı balığın sayı çox olsun, pis balıq onsuz da artır. Unutmaq lazım deyil ki, daşı atanda daş gedib dəstənin qabağındakına dəyir. Yəni birinci növbədə xalqın dərdini çəkənlər yumruq yeyir, zərbə alır. Ona görə çalışmalıyıq ki, Mübariz kimi yaxşıları alverçiyə də, müğnniyə də, sadə kəndliyə də göstərək və onun haqqında təbliğat aparaq.

Bizim üçün indi müxalifət, iqtidar olmamalıdır.

- Sizcə, bu dəyərlər yetərincə təbliğ olunmurmu?

Olunur. Ancaq çatışmayan tərəflər də az deyil. Bunları həll etmək lazımdır. Teatrdan, ədəbiyyatdan buna görə istifadə etmək lazımdır. Təbliğat üçün bu vasitələr əvəzsiz rol oynayır. Hazırda ideologiya bizim üçün çox vacibdir. Bizim üçün indi müxalifət, iqtidar olmamalıdır. Başqa vaxt olar, amma müharibədə, səngərdə bu lazım deyil. İndi müharibədir, özü də bu çox böyük bir müharibədir. Ona görə biz ideoloji cəhətdən hazır olmalıyıq. Xüsusən də, bədii ədəbiyyat bunun daşıyıcısıdır. Yazar, şair elə yazmalıdır ki, insanlar düşünsün. Eynilə də, səhnə adamı elə səhnə göstərməlidir ki, tamaşaçı inansın və düşünmədiklərini düşünsün. Bax budur təbliğat.

Vətənpərvərlik deyərkən pafosla “ura” deyə qışqırmaq lazım deyil.

- Fikrət Qoca üçün vətənpərvərlik nədir?

Bütün bu qeyd etdiklərim. Vətən üçün bildiyin ən gözəl işi peşəkar səviyyəsində görmək özü bir vətənpərvərlikdir. Vətənpərvərlik deyərkən pafosla “urra” deyə qışqırmaq lazım deyil. Bu pis şeydir. Öz işinlə xalqa bir az da olsa yaxşılıq edirsənsə, sən vətənpərvərsən. Bu birmənalı şəkildə belədir.

- Bəs bir şair üçün vətənpərvərlik nə məna daşıyır?

Sən şeirinlə kiminsə ürəyini titrətmisənsə, onun ürəyində gülə-çiçəyə sevgi hissini oyatmısansa, bu, şair üçün vətənpərvərliyin ən uca zirvəsidir.

Erməni bizim qızımıza, gəlinimizə sataşıb, bu gedir öz bacısını, gəlinini öldürür.

- Fikrət müəllim, Azərbaycan gəncinin vətəninə və torpağına olan sevgisi sizi qane edirmi? Müşahidələriniz necədir?

Bizim indiki gənclərimiz ölkəmiz kimi cavandır. Həm ölkəni, həm də gəncləri müdafiə etməli və qorumalıyıq. Bu iş bir adamın çiyninə düşməməlidir. Baxın, Mübariz də gənc idi. Onun da yaşamaq üçün illəri çox idi. Mübariz bilərəkdən ölümə getdi. O, hərbi xidmətən qayıtmışdı hətda işdiyirdi də. Anasına "Mən gedirəm" dedi və gedib öz namusunu, qeyrətini ermənidən aldı. Bax budur Mübariz. Onu süni şəkildə şişirdib gözdən salmaq lazım deyil. Onun həyatını olduğu kimi təbliğ etmək lazımdır. Ancaq baxıram telekanalların xəbərlərinə, görürəm, yox, bu gün hər şey dəyişib. Biri bacısını öldürür, biri anasını öldürür, o biri atasını öldürür. Biabırçılıqdır bu. Erməni bizim qızımıza, gəlinimizə sataşıb, bu gedir öz bacısını, gəlinini öldürür. Danışdıranda da, deyir ki, əmr verilsin, gedim intiqamımı alım. Belə qeyrət, namus olar? Ona deyən lazımdır ki, sən bacını, ananı baltalayanda Milli Məclisin qərarını gözləyirsən? Rusiyada qucaq-qucağa erməni ilə görüşən azərbaycanlıları da unutmaq olmaz. Onların da sayı az deyil.

Ramil Usubov MDB dövlətləri təhlükəsizlik xidmətlərinin İrəvandakı toplantısına qatılmamalıdır?

- Fikrət müəllim, bu yaxınlarda sənətçilərimizdən bir neçəsi ölkə xaricində keçirilən müsabiqələrdə erməni müğənnilərlə şəkillər çəkdirmişdi. Buna münasibətiniz necədir?

Bu çox incə bir məsələdir. Biz vəhşi deyilik, biz sivil bir xalqıq. Biz dünyadan təcrid oluna bilmərik. Xaricdə keçirilən hər hansı bir müsabiqədə erməni də iştirak edə bilər, digər dövlətlərin nümayəndələri də. Əgər biz qayıdıb onlara nəsə desək, onların istədiklərini etmiş olacağıq. Özümüzü vəhşi kimi göstərəcəyik. Biz burada mübarizəni doğru aparmalıyıq. Əlbəttə, kim deyir ki, həmin insanlar gedib erməni ilə qucaqlaşıb şəkil çəkdirsin və ya içki içsin. Buna heç kəs yaxşı baxa bilməz. Amma gedib orada iştirak edərkən ermənini söymək bizim əleyhimizə olacaq. Sabah Bakıda Avroviziya mahnı müsabiqəsi keçiriləcək. Biz erməniyə deməliyik ki, gəlmə? Və ya Ramil Usubov MDB dövlətləri təhlükəsizlik xidmətlərinin İrəvandakı toplantısına qatılmamalıdır? Qatılmalıdır və bizi orada yeri gələndə müdafiə də etməlidir.

-Təşəkkür edirəm...

Sağ olun.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR