Filial üstünə filial açırlar - Ətir satışı doğrudan da bu qədər gəlirlidirmi?

Filial üstünə filial açırlar - Ətir satışı doğrudan da bu qədər gəlirlidirmi?
SOSİAL
11:56 08.07.2026
320

Son dövrlərdə Azərbaycanda ətir satışı ilə məşğul olan şəxslərin sayı nəzərəçarpacaq dərəcədə artıb.

Xüsusilə sosial şəbəkələr üzərindən fəaliyyət göstərən bəzi satıcıların qısa müddət ərzində ard-arda yeni filiallar açması bu biznesin gəlirliliyi ilə bağlı suallar yaradır.

Bəs ətir satışı həqiqətən bu qədər gəlirlidirmi? Qısa müddətdə bir neçə filial açmaq hansı maliyyə imkanlarını tələb edir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, ətir satışının artmasına bir neçə amil təsir göstərir:

"Məsələ ondan ibarətdir ki, əvvəllər gənclər arasında ətir daha çox lüks məhsul hesab olunurdu. Amma indi o, gündəlik baxım məhsuluna çevrilib və istifadəsi daha da geniş yayılıb. İkinci amil bazara daha əlçatan məhsulların daxil olmasıdır. Əvvəllər əsasən Fransa və İtaliya istehsalı olan ətirlər satılırdı. İndi isə bazarda ərəb ölkələrindən və digər Asiya ölkələrindən gətirilən ətirlər də mövcuddur. Üçüncü məsələ isə filialların sayının artmasıdır. Burada bir neçə amil rol oynayır. Onlardan biri odur ki, ətir mağazaları adətən kiçik sahələrdə fəaliyyət göstərir. Bu isə ilkin investisiya xərclərinin aşağı olmasına səbəb olur. Məsələn, bir tərəfdən böyük mağaza açıb geniş çeşiddə məhsul ehtiyatı saxlamaq olar ki, bu da böyük vəsait tələb edir. Digər tərəfdən isə kiçik sahə icarəyə götürmək, müəyyən nümunələr nümayiş etdirmək və daha az investisiya ilə fəaliyyətə başlamaq mümkündür. Yəni bu sahə böyük həcmdə investisiya tələb etmir”.

İqtisadçı qeyd edib ki, böyük həcmdə investisiya tələb etməyən sahələrə maraq daha çox olur:

"Məsələn, yumşaq mebel sahəsində də divan və kreslo satışı ilə məşğul olan yüzlərlə insan görəcəksiniz. İlkin investisiyası az olan sahələrdə insanlar gəlir əldə etməyə çalışırlar. Çünki böyük investisiya tələb edən bizneslərdə həm daha çox maliyyə vəsaiti tələb olunur, həm də risk daha yüksək olur. Növbəti amillərdən biri isə mənfəət marjasının yüksək olmasıdır. Yəni bu sahədə yüksək mənfəət marjası tətbiq etmək mümkündür. Çünki bazarda saxta məhsullar da var. Ətir satanların təklif etdiyi "A klass" və "B klass" adlandırılan məhsullar da mövcuddur. Həmçinin məhsulları bir-biri ilə müqayisə etmək çətin olduğundan mənfəət marjası nisbətən yüksək olur. Bu da bazarın cəlbediciliyini artıran amillərdən biridir”.
Xalid Kərimli onu da bildirib ki, hazırda bazara giriş əvvəlki illərlə müqayisədə daha rahatdır:

"Məsələn, əvvəlcə müştəri bazasını 'Instagram' və 'TikTok' kimi sosial şəbəkələr vasitəsilə formalaşdırırlar, daha sonra isə fiziki mağaza açırlar. Yəni müştərilərə çıxış imkanları artıb. Bu, təkcə ətir biznesində deyil, bir çox digər sahələrdə də belədir. Əvvəllər müştəri cəlb etmək üçün reklama böyük investisiya qoymaq lazım gəlirdi. İndi isə sosial şəbəkələrdə səhifə yaradaraq daha az xərc hesabına qısa müddətdə geniş auditoriyaya çatmaq mümkündür. Bununla belə, bu o demək deyil ki, açılan mağazaların hamısı gəlir əldə edir. Təbii ki, açılanlar qədər fəaliyyətini dayandıran mağazalar da var”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR