Mobil Qocayevi Rusiyada axtarışda olması bəhanəsi ilə qeydiyyata götürmürlər.
Ölkəmizdə ən ciddi problemlərdən biri sağlamlığını itirmiş əlil vətəndaşlarımızın üzləşdiyi çətinliklərdir. Problemin ən ağrılı tərəfi isə əlillik dərəcəsi almaq istəyən insanlarla bağlıdır. Son illər Azərbaycanda əlillik dərəcələrinin təyin olunması sahəsində müvafiq islahatlar aparılsa da, mövcud sahədə xeyli neqativ hallar müşahidə edilməkdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbələrində vətəndaşlar incidilir, onlara müxtəlif bəhanələr gətirilir, əlillik dərəcəsi və təqaüd ala bilmirlər. Onlardan biri də Mobil Qocayevdir.
Bakıda yaşayan Mobil Qocayev üzləşdiyi problemlə əlaqədar redaksiyamıza müraciət edib. 1964-cü ildə Qazax rayonunda anadan olduğunu deyən M. Qocayevin sözlərinə görə, 1993-cü ildən 1995-ci ilə kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və hazırda 5 nəfər ailə üzvü var. Ordudan tərxis olunduqdan sonra Qazaxda iş tapa bilmədiyi üçün çörək pulu arxasınca ailəsi ilə birlikdə Rusiyaya getməli olub.
“Həyat yoldaşım, mən və uşaqlarımın biri ruhi xəstəxanada qeydiyyatdadır. 10 il ailəmlə birlikdə Rusiyada yaşamışam. 2009-cu ildə Azərbaycanın Rusiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə məcburi qaydada Bakıya göndərilmişik”.
M.Qocayev bildirir ki, 2009-cu il, iyunun 25-də Azərbaycana gəlib: “Dövlət Miqrasiya Xidmətində olmuşuq. Tələb olunan sənədləri versək də, onlar bizi Bakı şəhərinə müvəqqəti pasport qeydiyyatına almaqdan imtina etdilər. Ali Məhkəməyə şikayət etdik. Məhkəmə isə cavab göndərib ki, bu məsələ onların səlahiyyətində deyil”.
M.Qocayev deyir ki, Qarabağ müharibəsində iştirak etsə də əlillik kağızını ala bilmir. Buna səbəb kimi onun Rusiyada axtarışa verildiyi göstərilir. İndiyə qədər əlillik dərəcəsi ala bilməyən Qocayevə müavinət verilmir. O, prezidentdən və dövlət orqanlarından kömək istəyir.
Yeni Müsavat