Fransada keçirilən kütləvi etiraz aksiyalarında 146 min nəfər iştirak edib ki, onlardan 28 mini paytaxt Parisdə nümayişə qatılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bununla belə, Ümumi Əmək Konfederasiyası (CGT) etirazlarda 500 mindən çox insanın, o cümlədən Parisdə 175 min nəfərin iştirak etdiyini açıqlayıb.
Çərşənbə axşamı Fransada dövlət sektoru, təhsil və nəqliyyat işçilərinin iştirakı ilə kütləvi tətillər və nümayişlər keçirilib. Paytaxt Parisdə yürüş iki saatdan çox davam edib və İtaliya meydanında başa çatıb.
Regional hakimiyyət orqanlarının məlumatına görə, İl-de-Frans regionunda etirazlar nəticəsində 30-a yaxın liseyin fəaliyyəti pozulub. 10 təhsil müəssisəsində pirotexniki vasitələrdən istifadə qeydə alınıb, dörd lisey bağlanıb. Hadisələr zamanı üç şagird yüngül xəsarət alıb.
Bundan başqa, Paris İnzibati Məhkəməsi polisin paytaxtdakı bir sıra məktəb və universitetlərin 100 metrliyində toplantı və yürüşlərin keçirilməsini qadağan edən qərarının icrasını dayandırıb.











































