İraq 12 ildir bağlı olan kəmərlə Türkiyəyə neft ixracını bərpa etdi

İraq 12 ildir bağlı olan kəmərlə Türkiyəyə neft ixracını bərpa etdi
DÜNYA
20:56 17.11.2026
50
İraq 12 il ərzində fəaliyyət göstərməyən Kərkükdən Türkiyənin Ceyhan limanına uzanan neft kəməri vasitəsilə tədarükləri yenidən işə salıb.

Bu barədə İraqın INA agentliyi ölkənin neft naziri Basim Xudeyr əl-Abadiyə istinadən informasiya yayıb.

"İraq köhnə Kərkük-Ceyhan boru xətti ilə Türkiyəyə xam neft ixracını bərpa etdi. İlkin mərhələdə tədarükün həcmi gündəlik 120 min barel təşkil edəcək və bu göstəricinin tədricən sutkada 500 min barelə qədər artırılması imkanı var", - deyə nazir bildirib.

İraqın Neft Nazirliyinin məlumatına əsasən, İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının hücumları səbəbindən 2014-cü ildən bağlı qalan boru xəttinin fəaliyyətini bərpa etməsi, İraq Kürdüstanından keçən hazırkı kəmərə əlavə olaraq ölkənin şimalından neftin nəqli üçün yeni marşrut yaradacaq.

Bu addım cənubdakı ixrac terminallarından və Hörmüz boğazı vasitəsilə həyata keçirilən tədarüklərdən asılılığı azaltmağa imkan verəcək.

Qeyd olunur ki, OPEC-də neft istehsalına görə ikinci yerdə qərarlaşan İraq, ABŞ və İran arasındakı münaqişə üzündən Hörmüz boğazı vasitəsilə əsas ixrac marşrutunun sabitliyini itirməsindən bəri alternativ yollar axtarışındadır.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR