İrlandiyanın bir neçə media qurumunun əməkdaşlarının təxliyə edilməsinə və bir sıra sərnişin təyyarələrinin təcili eniş etməsinə səbəb olan təhdid dolu elektron məktubun müəllifləri Avropada yeni hücum dalğası barədə xəbərdarlıq ediblər.
AZXEBER.COM "Financial Times"a istinadən xəbər verir ki, qəzet media qurumlarının ünvanına göndərilmiş elektron məktubun məzmunu ilə tanış olub.
Mesajda iddia olunur ki, bu həftəki hadisələr - yaxın gələcəkdə Avropanı gözləyənlərin yalnız kiçik bir hissəsidir.
Məktub müəllifləri sərnişin təyyarələrinə, kruiz laynerlərinə, metro stansiyalarına və qatarlara hücumlarla hədələyiblər.
Daha əvvəl İrlandiyanın RTE telekanalı bildirib ki, daxil olan təhdidlərə görə noyabrın 6-da əməkdaşlarını təxliyə etmək və yayımı müvəqqəti dayandırmaq məcburiyyətində qalıb.
Telekanalın məlumatına görə, elektron məktubun mövzu hissəsində böyük hərflərlə "Qərbə mesaj" yazılıb.











































