Regionlarda yaşayan 18–24 yaşlı gənclər üçün rəqəmsal və kreativ bacarıqların inkişafını hədəfləyən "Future Creators Academy” layihəsinə qeydiyyat başlayıb.
"Future Creators Academy” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihə rəhbəri Elmira Kərimovadır.
Layihənin əsas məqsədi gənclərin müasir rəqəmsal bacarıqlarını inkişaf etdirmək, onların məşğulluq imkanlarını genişləndirmək və əmək bazarının tələblərinə uyğun praktiki bilik və təcrübə qazanmalarına dəstək olmaqdır.
Layihə çərçivəsində seçilmiş iştirakçılar sosial media marketinqi (SMM), mobiloqrafiya, fotoqrafiya və süni intellekt vasitəsilə dizaynların hazırlanması istiqamətləri üzrə onlayn təlimlərdə iştirak edəcəklər.
Təlim mərhələsini uğurla başa vuran iştirakçılar arasından seçiləcək 24 gənc komandalara bölünərək real sahibkarlıq subyektləri üçün marketinq və brendinq həlləri hazırlayacaqlar. Bu mərhələdə iştirakçılar kreativ agentlik modeli əsasında çalışaraq əldə etdikləri bilikləri praktiki tapşırıqlar üzərində tətbiq etmək imkanı qazanacaqlar.
Layihənin yekun mərhələsində Bakıda Demo Day tədbiri təşkil olunacaq. Tədbir zamanı komandalar hazırladıqları layihələri ekspertlər qarşısında təqdim edəcək və öz bacarıqlarını nümayiş etdirəcəklər.
İştirak şərtləri:
•Yaş həddi: 18–24;
•Regionlarda yaşayan gənclər;
•İştirak və təlimlər ödənişsizdir;
•Təlimlər onlayn formatda keçiriləcək;
•Seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Layihədə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
Qeydiyyat linki: https://forms.gle/khskX8hzMbU14HwSA











































