AZXEBER.COM-un FHN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, oktyabrın 14-də, saat 15:13-də Zaqatala rayonundan 30 km qərbdə, Balakən rayonu ilə Gürcüstan Respublikası sərhədində zəlzələ qeydə alınıb.Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 7 bal təşkil edib. Zaqatala və Balakən rayonlarında zəlzələ 6 bal, Mingəçevir, Şəki, Şamaxı, Qax, Yevlax, Qəbələ rayonlarında 5-3 bala qədər hiss olunub. İnsan tələfatı haqqında məlumat daxil olmayıb.Həmin gün saat 20:40-da Zaqatala rayonundan 25 km qərbdə, Balakən rayonu ilə Gürcüstan Respublikası sərhədində qeydə alınan ikinci zəlzələdə yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 5 bal təşkil edib. Balakən və Zaqatala rayonlarında zəlzələ 4 bala qədər hiss olunub. İnsan tələfatı haqqında məlumat daxil olmayıb.