Gədəbəyin Ağamalı kəndində 4 gün əvvəl baş verən qətl hadisəsinin üstü açılıb. Bu barədə ANS-ə rayon prokurorunun köməkçisi Salman Quliyev məlumat verib.
Təfərrüata keçməzdən əvvəl bildirək ki, kənd sakini 34 yaşlı Elşən Oqtay oğlu Vəliyev 4 fevral 2011-ci il saat 14.00 radələrində ailə münaqişəsi zəmnində həyat yoldaşı Şəkər Mirzəli qızı Vəliyevaya döş qəfəsinin arxa səthinin sol nahiyəsindən bıçaq zərbəsi vurub. Sonuncu aldığı zərbənin nəticəsində elə həmin gün Şəmkir rayon xəstəxanasına çatdırılsa da orada ölüb.
Hadisə baş verən gün Vəliyevlər ailəsi qızları Sahilənin 12-ci doğum gününü qeyd etməyə hazırlaşırmışlar. Əvvəllər hər şey yaxşı getsə də qonaqlıq üçün kəsilən qaz ailədə qanlı hadisəyə gətirib çıxarıb. Həyat yoldaşının məhz adgünü mərasimi üçün kəsilən qaz ətinin yalnız yarısını pişirdiyini görən Elşən Vəliyev “Niyə hamısını bişirmirsən?" deyib və cavabı gözləmədən Şəkər Vəliyevanın arxasına keçərək ona bir bıçaq zərbəsi endirib. Elə bu zərbə də Vəliyevanın həyatı bahasına başa gəlib.
Həkimlərin bildirdiyinə görə, qadının ölümünə səbəb bıçaq zərbəsindən sonra onun daxilinə çox miqdarda qanın axması olub. E.Vəliyev həyat yoldaşı ilə çox mehriban olduğunu bildirib. O, deyib ki, yaxın günlərdə isə kiçik oğluna kiçik toy məclisi etməyi də planlaşdırırmış.
Faktla bağli rayon Proukrorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.
//ANS TV










































