Azərbaycanda şeir və repin sintezindən meydana gələn yeni bir layihə işıq üzü görüb. Bu barədə AZXEBER.COM-a məlumat verən layihənin ideya müəlliflərindən olan şair Oktay Hacımusalı bildirib ki, bu layihə Azərbaycanda incəsənətin qarşılıqlı əlaqəsinin gücləndirilməsi məqasədini güdür.Gənc repçi Şahzadə ilə bu layihəyə start verdiklərini bildirən Oktay Hacımusalı onu da əlavə edib ki, yaşadığımız yeni texnika və texnologiya əsrində gənclərimizin vizual duyuma daha çox müraciət etdiyini bildikləri üçün belə bir sintez etmək qərarına gəliblər: “XXI əsr heç şübhəsiz ki, Mədəniyyətlərarası Dialoq əsri olacaqdır. Zənnimizcə, bu sahədə ədəbiyyatın və musiqinin üzərinə böyük məsuliyyət düşməkdədir. Biz də bir müasir Azərbaycan gənci olaraq bu dialoqa öz təhfəmizi vermək və qloballaşan, virtual dünya vasitəsi ilə balaca ev halına gələn dünyamıza Azərbaycanın mənəvi incisi olan incəsənətini tanıtmaq üçün balaca bir iş görmək istədik”.