Gələn il nələrin qiyməti artacaq? – PROQNOZ

Gələn il nələrin qiyməti artacaq? – PROQNOZ
SOSİAL
16:05 26.11.2026
76
Son dövrlər Azərbaycanda ərzaq məhsullarının qiymətindəki dəyişikliklər və bahalaşma ehtimalları diqqət mərkəzindədir.

Xüsusilə ət məhsullarının qiymətində gözlənilən artım 2027-ci ildə ərzaq bazarında vəziyyətin necə olacağı ilə bağlı suallar yaradıb. Bununla yanaşı, ölkənin idxaldan asılı olduğu digər ərzaq məhsullarının qiymətində də bahalaşma ehtimalı gündəmə gəlir.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, gələn il Azərbaycanda ərzaq inflyasiyasının yüksək olacağı gözlənilir:

"Ətin qiymətində artımın əsas səbəbi daha çox daxili amillərlə bağlıdır. Bu sahədə idxaldan asılılığımız o qədər də yüksək deyil. Belə ki, ölkədə iri və xırdabuynuzlu mal-qaranın sayı hər il azalır. Bu da təklifin aşağı düşməsinə və nəticədə ət məhsullarının bahalaşmasına səbəb olur.
Digər ərzaq məhsullarında isə vəziyyət fərqlidir. Bir çox məhsul üzrə idxaldan asılı olduğumuz üçün dünyada logistika və yükdaşıma xərclərinin, eləcə də yanacağın qiymətinin artması Azərbaycanda da qiymətlərə təsir göstərir. Bu səbəbdən gələn il digər ərzaq məhsullarında da bahalaşma gözlənilir.

Təəssüf ki, 2027-ci ildə ərzaq inflyasiyasının ən azı builki səviyyədə olacağı ehtimalı yüksəkdir. Hazırda ərzaq inflyasiyası 6,8-7 faiz civarındadır. Gələn il bu göstəricinin təxminən 7,8 faizə yüksəlməsi mümkündür. Ayrı-ayrı ərzaq məhsulları üzrə qiymət artımını indidən dəqiq proqnozlaşdırmaq çətindir. Lakin ümumi mənzərə ərzaq inflyasiyasının yüksək olacağını göstərir".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR