Martın 7-si Xətai rayonu ərazisində yerləşən məktəblərin ən fəal şagirdləri ilə Gənc Qarabağ Səfirləri kampaniyası çərçivəsində görüş keçirildi. Görüşdə Respublika Uşaq Təşkilatının nümayəndəsi Humay Mirzə-zadə və məktəblər üzrə Gənc Qarabağ Səfirlərinin üzvləri iştirak etdilər. Bu vəhşiliyə dünya ictimaiyyətinə çatdırmaq üçün istər internet vasitəsilə, istərsə də real olaraq görüləcək işlərin zəruriliyi vurğulandı və 1 illik İcra planı hazırlandı.
Görüşün sonunda 1 il bundan öncə- 8mart Beynəlxalq qadınlar günündə erməni snayperinin qurbanı olan Fariz Bədəlovun qətlinə etiraz olaraq xarici strukturlara və KİV-ə bəyanat ünvanlandı.
Gənc Qarabağ Səfirlərinin
erməni snayperinin qurbanı olan 9 yaşlı Fariz Bədəlovun qətlindən 1 il keçməsi ilə əlaqədar
Bəyanatı
Dünya ictimaiyyəti son illərdə uşaq ölümlərinin təbii və ya qeyri- təbii səbəbləri ilə üz- üzə dursa da, niyəsə susur. Bu susqunluğu biz “Gənc Qarabağ Səfirləri” olaraq “Uşaqları öldürməyin!” şüarı altında həyəcan təbili ilə pozmaq niyyətindəyik. Bunun üçün də 2011-ci ilin aprel ayından hərəkat başlatdıq. Hərəkata 9 yaşlı Farizin qətlinə etiraz olaraq başlasaq da, acınacaqlı faktdır ki, 13 yaşlı Aygünün də adı bu siyahıya əlavə olundu.
Martın 8-i dünya təqvimində bayram günü kimi qeyd olunarkən erməni vəhşiliyi bir ailənin fonunda bütün anaları məyus etdi. Övladları analarını təbrik edərkən Farizin ölümü yalnızca öz anasını yox, ruhunda insanlıq hissi olan hər kəsi ağlatdı. Faktdır ki, ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanan atəşkəsdən sonra Ermənistan silahlı qüvvələri dəfələrlə bu atəşkəsi pozmuş və onlarla oğlumuz şəhid olmuşdur. O şəhid ruhlarının xatirəsini əziz tutaraq, Gənc Qarabağ Səfirləri olaraq erməni snayperindən açılan atəşin 9 yaşlı azəri oğluna tuş gəlməsini dünyaya çatdırmaq üçün məktəblərdə Farizin həmyaşıdları arasında imzatoplama kampaniyası başlatdıq. Bu kampaniyada Bakı şəhəri və bölgələr üzrə topladığımız imzaları millət vəkili, Azərbaycan Respublika Uşaq Təşkilatının sədri xanım Gülər Əhmədovanın dəstəyi və iştirakı ilə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Rəşid Mustafaya şəxsən təqdim etdik. Ümid edirik ki, uşaq hüquqlarının və haqlarının qoruyucusu kimi güvənilən UNİCEF səsimizi dünya ictimaiyyətinə çatdıracaq.
Təəssüf ki, aradan 4ay keçməmiş başqa bir sujet xətti ilə 14 iyul 2011-ci il tarixində insanlıq daha bir zərbə aldı. Daxilində partlayıcı qurğu yerləşdirilən oyuncağı Tovuz çayına buraxan sözün əsl mənasında mənfur və qəddar erməni terrorçuları daha bir körpənin həyatına son qoydular.
Tarix şahiddir ki, türk xalqına qarşı törədilən faciələr soyqırım müstəvisində, haqsız və ədalətsiz qərarlar isə siyasət müstəvisində istər illər öncə, istərsə hazırda öz əksini tapıb. Fevralın 25-indən 26-sına keçən gecə erməni vəhşiliyinin qurbanı olan Xocalı sakinləri bu gün də o günü dəhşətlər içərisində xatırlayır. Amma təəssüflənərək bildirmək istərdik ki, həmin dövrün hakimiyyəti həmişə bunu ört basdır edib. Müstəqil Azərbaycan Respublikasının gəncliyinin güclü politoloq, hərbiçi, hüquqşünas potensialı işğalçı və qatil ölkə üçün real təhlükə olacağından qorxan ermənilər bunun qarşısını körpəlikdən almaq istəyir. Amma işğalda olan tarixi torpaqlarımız azad olunana qədər biz Gənc Qarabağ Səfirləri həmyaşıdlarmızın tarix boyu və hazırda vəhşicəsinə qətlə yetirildiklərini beynəlxalq səviyyədə dünya ictimaiyyətinə çatdıracağıq.
Bu faktları sizə və aidiyyatı qurumlara çatdıraraq məqsədimiz bu vəhşiliyin qarşısında öz sözümüzü deməkdir. “Həqiqəti gizlətmək, həqiqəti basdırmaq olmaz” - deyən Ulu Öndərimiz Heydər Əliyev yoluna hər zaman sadiq qalaraq addımlarımızı daha da inamla atmaqdır.
"Biz UNİCEF-in Azərbaycan nümayəndəliyi olaraq, bu cür ölüm hallarını qəti şəkildə pisləyir və çox məyus olduğumuzu bildiririk. Çünki hər hansı bir uşağın ölümü bu cür zorakılıqla baş veribsə, bu çox böyük bir faciədir. Ona görə də biz bunu kəskin şəkildə pisləyirik"- yayılan bu açıqlamada qeyd olunan fikirlər isə yolumuzda uğurla getdiyimizin bariz nümunəsidir. Mübarizə tək 20 faiz vətən torpağı işğalda olan ölkənin gənclərinin mübarizəsi deyil. Bu bütün insaniyyətin vəhşiliyə, vandalizmə qarşı mübarizəsidir!
Hər kəs yalnızca vətəndaşlıq yox, həm də insani borcunu yerinə yetirmək üçün bu yolda öz çiyninə düşən işi vicdanla yerinə yetirməlidir. Millət vəkili və 1996- cı ildən fəaliyyət göstərən Azərbaycan Respublika Uşaq Təşkilatının sədri xanım Gülər Əhmədovanın dediyi kimi- “Harada yaşamasından asılı olmayaraq, hər bir uşaq bu cür xain terrorun qurbanı ola bilər”.