Gənc Tamaşaçılar Teatrı BƏƏ-yə gedir

MƏDƏNİYYƏT
12:23 16.01.2012
1629

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti festivala hazırlaşır. Teatrdan AZXEBER.COM-a verilən məlumata görə, Dövlət Gənc Tamaşaçılar Teatrı Əl-Füceyra Əmirliyində (BƏƏ) keçiriləcək V Monodram Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatrın iştirak edəcəyi festival haqqında artıq noyabr ayında razılığa gəlinib. Cari ilin yanvar ayının 19-dan, 28-dək davam edəcək festivalda teatr Avstriya dramaturqu və publisisti Peter Turrininin “Axır ki…” adlı monotamaşasını ilk dəfə nümayiş etdirəcək. Festivalın işində iştirak etmək üçün Gənc Tamaşaçılar Teatrının kollektivi ilə yanaşı, Xalq artisti Şüküfə Yusubova, teatrşünas-alim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Talıbzadə, beynəlxalq layihələr üzrə koordinator Şaiq Səfərov və Əməkdar İncəsənət Xadimi, rejissor Bəhram Osmanov da bu səfərə yola düşəcək. Peter Turrini Avropada kifayət qədər tanınmış bir dramaturqdur. Onun “Siçan ovu”, “Uşağın qətli”, “Ağılsız gün”, “Mehmahxana sahibəsi” və s. pyesləri Avropa və dünya səhnəsində dəfələrlə oynanılıb. Azərbaycan teatrı ilk dəfədir ki, bu dramaturqun əsərinə müraciət edir. Müəllifin ən çətin pyeslərindən olan “Axır ki, qurtardı…” monopyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində “Vəssalam” adı ilə hazırlanıb. Bir qədər məişət, bir qədər sosial, bir qədər absurd fikirlərlə dolu olan bu tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Bəhram Osmanovdur. Bir saata yaxın səhnə zamanında bir ifaçısı olan tamaşada qəhrəmanın ölüm-dirim mübarizəsinin şahidi oluruq. Sonda bir təbəsssüm var aktyorun çöhrəsində. Bilinmir öldü, ya qaldı… və sanki bu təbəssümlə rejissor və aktyor tamaşaçılara bir daha bir şeyi anlatmaq istəyirlər. İnsanlar, bir-birinizi heç vaxt tək qoymayın! Elə cəmiyyət qurun ki, orada insanın yaşaması asan olsun. İlk dəfə Əl Füceyrə şəhərində keçirilən V Neynəlxalq Monotamaşa Festivalında oynanılacaq “Vəssalam” monotamaşasının Bakı premyerası fevral ayında Gənc Tamaşaçılar Teatrının səhnəsində olacaq.

OXŞAR XƏBƏRLƏR