Gəncədə Nizami Gəncəvinin heykəli açılıb

MƏDƏNİYYƏT
16:15 21.01.2012
2421
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “DET AL” Alüminium MMC-nin Gəncə Alüminium zavodu kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı kompleksin maketinə baxıb.Məlumat verilib ki, “DET AL” alüminium kompleksinin ümumi ərazisi 74 hektardır. Kompleks daxilində uzunluğu 2,1 min metr olan dəmir yolu xətti çəkilmiş, 1200 metr uzunluğunda beton, 2 min metr uzunluğunda asfalt yollar salınmış, 74 hektar ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılıb.Qeyd edilib ki, 2008-ci ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan kompleksdə məhsul istehsalı 3 zavodda sistemli şəkildə həyata keçirilir. Gəncə “DET AL” alüminium kompleksinin işə başlaması nəticəsində birinci mərhələdə 640 nəfər işlə təmin ediləcək. İşçilərin orta aylıq əmək haqqı 450 manat olacaq. Zavodun tikintisinə Gəncədən və respublikamızın digər regionlarından 2000-dən çox işçi cəlb edilib. Yerli gənc mühəndislər üçün texnologiyanı daha dərindən öyrənmək məqsədi ilə təlimlər təşkil olunub. Elektroliz proseslərindən çıxan maye metal fasiləsiz metaltökmə və isti yayma zavoduna daşınır. Burada hər birinin uzunluğu 60 metr olan və yüksək avtomatlaşdırma səviyyəsinə malik iki tökmə avadanlığı quraşdırılıb. Bu konveyrlərin məhsuldarlığı saatda 20 tona qədərdir və istehsal edilən külçələr “DET.AL AZE” loqotipinə malik olmaqla 22,5 kiloqramdır.Prezident İlham Əliyev kompleksin elektroliz zavodunda istehsalatda istifadə olunan avadanlığa baxıb.Qeyd olunub ki, birinci mərhələdə 100 min ton ilkin alüminium istehsalı üçün tələb olunan bütün obyektlərin tikintisi başa çatdırılıb.Dövlətimizin başçısına məlumat verildi ki, yeni alüminium zavodu ilə yanaşı, Gəncədə poladəritmə kompleksinin tikintisi layihəsi çərçivəsində də bir sıra işlər görülüb.2014-cü ildə yeni “DRI” zavodunun tikintisi başa çatdırılacaq, polad zavodunun tikintisi davam etdiriləcək. 2016-cı ildə isə Gəncədə yeni polad zavodunun tikintisi başa çatdırılacaq. İstehsal olunan məhsullara beynəlxalq sertifikatlar alınacaq. 2012-2016-cı illərdə həyata keçirilən layihəyə 630 milyon dollar investisiya qoyulacaq, işçilərin sayı 3 min 800 nəfərə çatdırılacaq.Prezident İlham Əliyev Gəncədə dahi Nizaminin məqbərəsi ətrafında aparılan yenidənqurma işləri ilə tanış olub. Dövlətimizin başçısı məqbərənin ətrafında görülən işlərlə bağlı stendlərə baxıb. Burada 7 min 540 kvadratmetr sahəyə qranit lövhə döşənmiş, dörd hovuz, iki şəlalə və fəvvarə yenidən inşa edilmiş, beş buta qranitlə üzlənmiş, bir süni göl və körpü yenidən təmir olunub. Məqbərənin qarşısından keçən yolun hər iki tərəfindəki istinad divarları da yenidən qurulub. Burada 11 hektar ərazidə yaşıllıq zolaqları salınıb, dekorativ ağaclar əkilib.Azərbaycan Prezidentinin diqqətinə çatdırılıb ki, məqbərənin qarşısında dahi şairin muzeyinin tikilməsinə başlanıb. Tikintisində Azərbaycanın tarixi-memarlıq üslubuna daha geniş yer veriləcək ikimərtəbəli muzeyin ümumi sahəsi 540 kvadratmetr olacaq. Bu muzeyin tikilməsi Nizami Gəncəvinin həyat və yaradıcılığının öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addım olacaq.Dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib. Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir.Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Nəriman Nərimanov parkının açılışında iştirak edib. Dövlətimizin başçısı parkın əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb, burada yaradılmış şəraitlə tanış olub.Azərbaycan Prezidentinə məlumat verilib ki, ümumi sahəsi 4 min 823 kvadratmetr olan Nəriman Nərimanov parkında geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yeni fəvvarə inşa edilib. Gəncə sakinlərinin və şəhərə gələn qonaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı parkda görkəmli dövlət xadimi və mütəfəkkir Nəriman Nərimanovun büstü qoyulub. Bildirilib ki, parkın dizaynına özünəməxsus elementlər əlavə edilib, zövqlü formalarla zənginləşdirilib.Parkda yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.Azərbaycan Prezidenti İlham Əliyev Gəncədəki Bayraq Meydanında görülən işlərlə tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, Gəncə çayının sağ sahilində inşa olunan Bayraq Meydanı son dövrdə şəhərdə həyata keçirilən mühüm layihələrdən biridir. Burada 100 metr hündürlükdə dalğalanan üçrəngli bayrağın uzunluğu 50, eni 25 metr, postamentin hündürlüyü isə 4 metrdir. Meydandakı qranit lövhənin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunub. Meydanın ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb. Prezident İlham Əliyev dövlət bayrağını qaldırıb.Prezident İlham Əliyev Gəncədəki “Xəmsə” abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında iştirak edib. Dövlətimizin başçısı dahi şairin heykəlinin üzərindən örtüyü götürüb, önünə gül dəstəsi qoyub.Məlumat verilib ki, Nizami Gəncəvinin əsərlərinin motivlərinə həsr olunmuş kompleksin inşasında qədim Azərbaycan memarlığına istinad edilib. “Xəmsə” abidə kompleksi 8 künc, bürc, şam, çarhovuz və digər elementlərdən istifadə edilərək ucaldılıb. Kompleksdə Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Sirlər xəzinəsi”, “Yeddi gözəl”, “Xosrov və Şirin”, “İskəndərnamə” poemalarının hər birinə aid abidə qoyulub. Bununla da Nizami yaradıcılığını əks etdirən son dərəcə nadir bir sənət abidəsi ərsəyə gəlib.Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin layihəsi ilə tanış olub. Qeyd edilib ki, mərkəzin yaxınlığında eni 20, uzunluğu 50, hündürlüyü isə 36 metr olan “Zəfər tağı” inşa ediləcək. “Zəfər tağı”nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası da olacaq Meydançaya qalxmaq üçün 2 lift və pilləkənin quraşdırılması nəzərdə tutulur.Mərkəzin üç mərtəbədən ibarət olacaq binasının ümumi sahəsi 4 min 500 kvadratmetrdir. Birinci mərtəbədə sərgi zalı, ikinci mərtəbədə Azərbaycanın tarixini və müasir inkişafını əks etdirən ekskursiya zalı, elektron və adi kitabxana, üçüncü mərtəbədə köməkçi otaqlar, müşavirə-konfrans zalı və 400 yerlik iclas zalı olacaq.Prezident İlham Əliyev mərkəzin təməlini qoyub. Dövlətimizin başçısı beton qarışığı tökən qurğunun düyməsini basıb. Azərbaycan Prezidenti mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.Gəncə səfəri çərçivəsində dövlət başçısı “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısı kompleksin eskiz layihələri ilə tanış olub. Məlumat verilib ki, kompleksin yerləşdiyi 2 hektardan çox ərazidə indiyədək xeyli iş görülüb. On min kvadratmetrdən çox əraziyə asfalt örtüyü salınıb, 4 min 400 poqonmetr bəzəkli səki daşları döşənib. Hazırda ərazidə uzunluğu 100, eni 15 metr olan sahədə dini ayinlərin icra edilməsi üçün müxtəlif tikililər inşa edilir, müasir işıqlandırma sistemi quraşdırır. Layihə üzrə nəzərdə tutulan 36 günbəz artıq inşa edilib, 5 böyük günbəzin quraşdırılması isə başa çatmaq üzrədir. Bildirilib ki, “İmamzadə”, yaxud “Göy imam” türbəsi VIII əsrə aid tarixi abidədir. Burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub. “İmamzadə” türbəsinin tikintisi XIV əsrin sonu-XV əsrin əvvəllərinə təsadüf edir. Ətrafındakı məscid, sərdaba və digər türbələr isə XVII-XVIII əsrlərdə inşa edilib. Bütün bu tikililər əzəmətli dini-tarixi kompleks kimi bu günədək qorunub saxlanıb. Müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” kompleksi sonuncu dəfə XIX əsrdə bərpa edilib.Qeyd edilib ki, orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan bu kompleks Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycandan, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini mərkəz Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir.Dövlətimizin başçısı kompleksdə işlərin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Ans Press

OXŞAR XƏBƏRLƏR