Bu gün Gəncədə baş verən kütləvi zəhərlənmənin təfərrüatı məlum olub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində keçirilən yas mərasimində baş verib.
Yas yerində səkkiz nəfər yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər. Dərhal həmin şəxslər zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onlara yardım edilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, zəhərlənənlərin arasında azyaşlılar da var. Hadisə ilə bağlı araşdırma aparılır.
Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xəstəxanaya yerləşdirilərin vəziyyətini açıqlayıb.
Bildirilib ki, bu gün saat 18 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub:
"Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".











































