Şəhərdə qəzetə olan maraq azalır
Ölkənin ikinci şəhəri sayılan Gəncədə qəzet köşklərində günün qəzetini ancaq günorta saat birdən sonra tapmaq olur. Bəzi hallarda isə bu günün qəzeti bir neçə gündən sonra gəlib çatır. Oxucular deyir ki, qəzetlər bu halda informasiya vasitəsi kimi qüvvəsini itirir və gecikmiş xəbərlərə maraq olmur. “Tezdən qəzet tapmam mümkün deyil. Bu da qəzetə olan marağı azaldır. Ümumiyyətlə, indi heç kimdə qəzetə maraq yoxdu. Uşaqdan tutmuş 40 yaşındakı adama kimi hamı internetdən istifadə edir”,- deyə Gəncə sakini Ələddin Məmmədov vurğulayıb. Problemlə əlaqədar ekspertlər isə hesab edirlər ki, regional mətbəələr yaradılmalıdır. Gəncə mətbuat yayımı şöbəsində isə qəzetlərin şəhərə gec çatdırılmasını problem olaraq görmürlər. Media sahəsində ekspert Qulu Məhərrəmli hesab edir ki, qəzetlərin regionlara yayımını artırmaq və işi çevikləşdirmək üçün alternativ yayım şirkətlərinə yaradılan manelər aradan qaldırılmalıdır. Eyni zamanda müasir texnologiyadan faydalanmaq lazımdır. “Biz mərkəzi qəzetlərin bölgələrdə çapı ilə bağlı məsələləri həll etməliyik. Tutaq ki, bizim Gəncədə, ya Lənkəranda mətbəəmiz olmalıdır. Tutaq ki, orada “Azərbaycan”, “Azadliq”, “Müsavat” və başqa qəzetlər buraxılışlarının hazır tərtib olunmuş materiallarını buradan internetlə göndərirlər”, - deyə Qulu Məhərrəmli bildirdi. Gəncə şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, dövrü mətbuatın yayımını artırmaq üçün yeni köşklər gətirilir. İndiyədək şəhərin müxtəlif yerlərində 5 ədəd müasir görünüşlü köşk qoyulub. Gələcəkdə də bu iş davam etdiriləcək. Yeni köşklərdə yeyinti məhsullarının satışı isə qəti qadağandır.