Gəncədəki “İmamzadə” Dini-Memarlıq Kompleksində aparılan təmir-bərpa və tikinti işləri sürətlə davam edir. 40-dan artıq işçi qüvvəsinin çalışdığı kompleksdə zəvvarların rahat ibadət edə bilmələri üçün məscid hissəsində işlərin böyük bir qismi yekunlaşıb. 4 hissədən- məscid, mehmanxana, qurbangah və ziyarətgahdan ibarət olan kompleksdə ziyarətgahdan başqa digər hissələrdə tikinti işləri yekunlaşıb. 300 kv.metrlik kişi və qadınlar üçün sahəsi, 36 kiçik və 5 böyük günbəzi olan məsciddə nəqqaşlıq və xəttatlıq işləri artıq bitib. Kompleksin 3 mərtəbədən ibarət mehmanxana binasının inşası da yekunlaşıb. Burada dəstamaz yerləri, yeməkxana, 2 və 3-cü mərtəbələrdə isə 16 kv.metrdən 30 kv.metrə qədər ərazisi olan 40 qonaq və iş otaqları, eləcə də kitabxana, muzey və iclas zalları nəzərdə tutulub. İş icraçısı Asəm Qasımovun bildirdiyinə görə, hazırda əsas işçi qüvvəsi kompleksin ziyarətgah hissəsinə cəlb olunub, digər hissələrində isə son tamamlanma işləri aparılır. Asəm Qasımov- İş icraçısı:“İşlərimiz tam qüvvə ilə gedir. Məscid hissəsini demək olar ki, qurtarmışıq, xırda işlərimiz qalıb. İnzibati binanın içəri hissəsində kosmetik işlərimiz qalıb, bir də fasad hissəsində işlər gedir. Əsas qüvvəni vermişik ziyarətgahın özünə, işçi qüvvəmizi ora cəmləmişik ki, tez müddətdə bu işləri tamamlayaq”. Kompleksin Şahzadə İbrahimin qəbri yerləşən hissəsi qapalı şəraitdə qorunaraq, ətrafında 28 metr hündürlüyü olacaq, 32 metrlik iki minarəyə malik ziyarətgah hissəsi də tikilir. 2 qəzalı vəziyyətdə olan tikili sökülüb, abidədə restavrasiya işləri aparılır. Ziyarətgahın üst hissəsində yerləşəcək böyük günbəzin tikintisi və kompleksin həyətində nəzərdə tutulan iki hovuzun inşası üçün də iş aparılır. Kompleksi ziyarət edən zəvvarlar və şəhər sakinləri tarixi abidəyə dövlət qayğısı göstərilməsini rəğbətlə qarşılayır. Cavad Tağıyev- sakin:“Artıq 2-ci dəfədir ki, prezidentimiz tərəfindən müəyyən vəsaitin ayrılması belə tarixi abidələrə, inanc yerlərinə dövlət qayğısının bir daha sübutudur. Bir şəhər sakini kimi mən də bu işləri alqışlayıram”. Samir İsmayılov- zəvvar:“İmamzadə” bizim ziyarət etdiyimiz qədim abidədir. Əvvəllər həm uzaqdan gələn, həm də yerli zəvvarlar üçün şərait yox idi. İndi təmir olunaraq, gözəl şərait qurulur”. Ruslan Vəliyev- sakin:“İndi təmir edirlər ki, bu da çox yaxşıdır. Yəni dini-tarixi abidələrimizi qoruyurlar ki, bu da çox yaxşıdır”. Xatırladaq ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisinə aid olan “İmamzadə” dini kompleksinin bərpası işlərinin yekunu məqsədilə ölkə prezidentinin ehtiyat fondundan şəhər İcra Hakimiyyətinə 4 milyon manat əlavə vəsait ayrılıb. Bildirək ki, 2011-ci ildən tikintisinə başlanılan İmamzadə dini kompeksinin tikinti şirkəti tərəfindən bu ilin sonuna qədər tam təmirli şəkildə təhvil veriləcəyi bildirilib.
Elturan İbrahimli