Gənclər Ceyhun Qubadovun ailəsinə baş çəkiblər

GƏNCLİK
22:00 10.01.2013
3096

Bu gün Azərbaycanın bir qrup gənclər təşkilatlarının rəhbərləri dünyasını dəyişən əsgər Ceyhun Qubadovun Xırdalan şəhərindəki evində olaraq, ailəsinə başsağlığı veriblər. 

Bu barədə məlumat verən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlıdeyib ki, onlar vəfat edən əsgərin ailə üzvləri ilə söhbətlərində C.Qubadovun ölümündən dərin kədər hissi keçirdiklərini və bu hadisənin Azərbaycan gəncliyi və ordusu üçün böyük itki olduğunu vurğulayıblar: “Ceyhunun ailə üzvlərinin diqqətinə bir daha çatdırdıq ki, məsələ Müdafiə nazirliyi və digər aiddiyatı dövlət qurumlarının rəhbərliyinin nəzarətindədir. Artıq bir neçə cavabdeh şəxs cəzalandırılıb. Əminik ki, açılan cinayət işi əsgərin ölümünə səbəb olan şəxslərin öz layiqli cəzasına çatması ilə nəticələcək. Azərbaycan dövləti öz əsgərinə həmişə sahib çıxıb və bu belə də davam edəcək”.

Baş verən hadisəylə bağlı fikirlərini açıqlayan F. Şahbazlı qeyd edib ki, Ceyhun Qubadovun müəmmalı ölümü ciddi şəkildə araşdırılmalı və günahkarlar haqda lazimi ölçü götürülməlidir: “Məsələylə bağlı müvafiq qurumların operativ reaksiyası, istintaqın xüsusi nəzarətə götürülməsi, cavabdeh komandirlərin cəzalandırılması onu deməyə əsas verir ki, Ceyhunun ölümünə səbəb olan hər kəs məsuliyyətə cəlb olunacaq. Bu hadisədə günahı olan şəxslərin cəzalandırılması digər məsuliyyətsiz insanlar üçün də görk olmalıdır. Bəzi fürsətçil şəxslərin bu faktdan dövlətimiz əleyhinə istifadə etməsinə imkan vermək olmaz. Çünki artıq bir sıra qüvvələrin insanların kədəri, faciəsi üzərindən siyasi divident qazanmaq cəhdləri ortdadır və bu dövlətinə, millətinə düşmən münasibətindən başqa bir şey deyil. Azərbaycan ordusunun qazandığı uğurlardan, silahlı qüvvələrimizin dünya standartlarına uyğun silahlarla təchiz edilməsindən bir cümlə də danışmayanlar sanki fürsət gözləyirmişlər kimi, bu ürəkağradan məqamdan özlərinin siyasi məqsədlərini reallaşdırmaq üçün istifadə edirlər. Amma unudurlar ki, Ordu nə iqtidarın, nə də müxalifətindir. Azərbaycan ordusu Azərbaycan xalqınındır və hamımız onu qorumalı, sahib çıxmalıyıq!”.

Qeyd edək ki, Ceyhun Qubadovun ailəsi ilə görüşdə F.Şahbazlı ilə yanaşı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli və “Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri Elməddin Behbud iştirak edib.

OXŞAR XƏBƏRLƏR