Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında 2011-ci il dekabrın 19-da verdiyi fərmana dəyişiklik edib. Bununla bağlı dövlət başçısı 2012-ci il dekabrın 29-da fərman imzalayıb.
Prezident İlham Əliyevin 29 dekabr fərmanı ilə Gənclər Fondu Gənclər və İdman Nazirliyinin tabeliyindən çıxarılaraq prezidentin tabeliyinə verilib. Fond bundan sonra Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu deyil, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu adlanacaq.
Fondun icraçı direktorunu ölkə prezidenti vəzifəyə təyin və vəzifədən azad edəcək.
Fond işçilərinin say həddini və icraçı direktorun aylıq vəzifə maaşını da prezident müəyyənləşdirəcək.
Fondun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Müşahidə Şurasının üzvlərini də dövlət başçısı təyin edəcək.
29 dekabr fərmanında İlham Əliyev Ədliyyə Nazirliyinə 15 gün müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dövlət qeydiyyatına almağı tapşırıb.