Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının beş illiyinə həsr olunan tədbir keçirilib.
AZXEBER.COM AZERTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb.
Fondun fəaliyyəti barədə məlumat verən F.Hacıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə yaradılan qurum dövlət gənclər siyasətinin həyata keçirilməsinə mühüm töhfə verir. Beş il ərzində Fonda 7098 layihə daxil olub. Onlardan 3341-i Fond tərəfindən dəstəklənib. Dəstəklənən layihələrin 963-ü yerli, 94-ü beynəlxalq, 2284-ü fiziki şəxslər tərəfindən həyata keçirilən layihələrdir.
Bildirilib ki, Azərbaycanda təşkil olunan nüfuzlu beynəlxalq tədbirlər Gənclər Fondunun elan etdiyi prioritet istiqamətlərdə əksini tapıb. Bu mühüm tədbirlərə "Eurovision” mahnı müsabiqəsi, "Bakı-2015” birinci Avropa Oyunları və "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə ictimai dəstək kampaniyası və s. daxildir. Bundan əlavə, beş il ərzində Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantları çərçivəsində 269 gənc xaricə səfər edib.
Gənclər və idman naziri Azad Rəhimov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda gənclər siyasətinin yeni istiqamətlərinin müəyyən olunduğunu, qısa müddətdə bu sahədə mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını qeyd edib. Nazir deyib ki, Azərbaycanın gənclər siyasəti dünyada nümunə təşkil edir. Bu siyasət BMT və digər beynəlxalq təşkilatlar tərəfindən model kimi qəbul olunur. Ötən dövrdə ölkəmizdə bir çox beynəlxalq forumlar və konfranslar keçirilib, Azərbaycan gəncliyi ilə bağlı Dövlət Proqramı imzalanıb və böyük uğurla reallaşdırılıb.
Prezident İlham Əliyev tərəfindən gənclər mükafatının təsis olunduğunu bildirən Azad Rəhimov deyib: "Bu, gənclərə olan dövlət qayğısıdır. Gənclərimiz həmişə ölkəmizi beynəlxalq arenada uğurla təmsil edir və kreativ fikirləri ilə seçilirlər. Gənclərimizin inkişafında Fondun xidmətləri əvəzsizdir. Fond gənclər təşkilatlarına və fəal gənclərə öz ideyalarını reallaşdırmaqda yaxından kömək edir. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Fond böyük uğurlara imza atıb”.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Gənclər Fondunun yaradılmasının beşinci ildönümünün mühüm hadisə olduğunu bildirib. Qeyd edib ki, beş il ərzində ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində, gənclərlə işin intensivləşdirilməsində, eləcə də ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin nəticələrinin əldə olunmasında Fondun mühüm rolu var.
Ölkəmizdə gənclər siyasətinin formalaşması və həyata keçirilməsi barədə məlumat verən Əli Həsənov deyib ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, gənclər siyasətinin formalaşması, bu siyasətin konsepsiyasının təməl prinsiplərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkə qarşısında duran taleyüklü məsələlər sırasına gənclər siyasətini də əlavə etdi. Müstəqilliyin əvvəllərində Azərbaycanda dövlətə və dövlətçiliyə qarşı yönələn qüvvələr məhz gənclərdən istifadə edirdilər. Həmin qüvvələr gəncləri ayrı-ayrı düşərgələrə bölərək, onları hakimiyyət uğrunda mübarizəyə, müxtəlif ambisiyaların həyata keçirilməsinə cəlb etmişdilər. Belə bir dövrdə - 1993-cü ildə Ümummilli Lider Azərbaycanın xilası konsepsiyasına gənclər siyasətini də əlavə etdi. Təsadüfi deyil ki, 1994-cü ildə Ulu Öndərin yaratdığı ilk nazirlik Gənclər və İdman Nazirliyi oldu. Həmin dövrdən Azərbaycanda gənclər siyasəti formalaşdırıldı, 1996-cı ildən etibarən hər il Azərbaycan gənclərinin forumu keçirildi, gənclər siyasətində əsas prinsipləri, həyata keçirilməsi mexanizmləri müəyyən olundu və icra edildi.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev gənclərlə işə dövlətin prioritet istiqamətlərindən biri kimi yüksək qayğı göstərərək, bu sahənin önəmini daha da artırıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə iki Dövlət Proqramının qəbul olunması, gənclər siyasətinin həyata keçirilməsi məqsədilə Gənclər Fondunun yaradılması bu sahəyə verilən yüksək diqqətin göstəricisidir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinin fiziki cəhətdən sağlamlığına, vətənpərvərliyinə, yüksək intellektli və rəqabətə qabiliyyətli olmasına böyük diqqət yetirdiyini vurğulayan Əli Həsənov ölkəmizdə bu məqsədlə həyata keçirilən tədbirlərdən danışıb, Fondun bu istiqamətdə fəaliyyətinin müsbət nəticələr verdiyini bildirib. Bu gün Azərbaycanın intellektual, beynəlxalq rəqabətə davamlı, vətənpərvər gəncliyinin formalaşdığını qeyd edən Prezidentin köməkçisi deyib ki, aprel döyüşləri bunun nümunəsi oldu. Bu gün yüksək intellektli gənclərimiz müxtəlif transmilli şirkətlərdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarında fəaliyyət göstərən, bir neçə xarici dil bilən yüksək intellektli gənc diplomatlarımız formalaşıb. Beynəlxalq təşkilatlarda, transmilli şirkətlərdə çalışan, xaricdə təhsil alıb ölkəmizə qayıdan, elm və təhsil sahəsində nümunə olan, parlamentdə, məhkəmə-hüquq sistemində və digər dövlət qurumlarında fəaliyyət göstərən gənclərimiz var. Bu, onu göstərir ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti öz bəhrəsini verib. Gənclər siyasətini həyata keçirən mərkəzi və yerli icra qurumları bu sahədə gənclərlə birlikdə işləyir.
"Azərbaycanda həyata keçirilən gənclər siyasətinin nəticələri göz qabağındadır. Bütün bu işlərdə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun xüsusi yeri var. Əgər biz əvvəllər Olimpiya Oyunlarında bir-iki idmançımızın qalib gəlməsi ilə fəxr edirdiksə, sonuncu Olimpiadada 18 medal qazandıq və komanda hesabında dünyada ən yaxşı nəticələrdən birinə sahib olduq. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu da onu göstərir ki, Azərbaycanda gənclər və idman siyasəti müsbət nəticələrini verir”, - deyən Əli Həsənov bu uğurların əldə edilməsində əməyi olanlara və Fondun kollektivinə uğurlar arzulayıb.
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov qeyd edib ki, Fondun dəstəklədiyi və Bakı ilə yanaşı, regionları da əhatə edən layihələr gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəallıqlarını daha da artırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında bildirib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində yüksək fəallığı ilə seçilir, mühüm tədbirlərin həyata keçirilməsində vacib rol oynayır. Azərbaycan dövlətinin bu sahədə yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin avanqard qüvvəsinə çevriliblər.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması nəticəsində müstəqil ölkəmizdə dinamik və vətənpərvər gəncliyin yetişdiyini qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi qurumla Gənclər Fondu arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayıb. E.Babayev ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsinə mühüm töhfə verən Fonda kollektivinə qarşıdakı illərdə də uğurlar arzulayıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı da çıxışında Fondun beş illik fəaliyyətinin müsbət nəticələrini vurğulayıb, təmsil etdiyi qurumun adından kollektivinə təbriklərini çatdırıb.
Sonda Fondun elan etdiyi qrant müsabiqəsinin "C” və "D” kateqoriyaları üzrə qalibi olan gənclər məruzələrlə çıxış ediblər.