Xəbər verildiyi kimi, Azərbaycanda müxtəlif sahələrdə təmsil olunan gənc fəallardan ibarət Gənclər Parlamenti yaradılacaq. Qurumda elm və təhsil sahəsində, QHT-lərdə, özəl sektorda və KİV-lərdə çalışan və yaşı 18-29 arası olan 50 gəncin təmsil olunacağı gözlənilir. Artıq bu məqsədlə Gənclər Parlamentinin üzvlüyünə ərizə qəbuluna start verilib. Qeyd edək ki, üzvlər Milli Məclisin deputatları, Prezident Adminstrasiyası, Gənclər və İdman Nazirliyi və media rəhbərlərindən ibarət Təşəbbüs Qrupu tərəfindən seçiləcək. Bəs görəsən fəal gənclərimiz necə - Gənclər Parlamenti layihəsini necə dəyərləndirirlər? Məmur övladlarının qurumda təmsil olunacağına dair iddialara aktiv gənclərin münasibəti necədir? “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Qaynar.info Milli Xəbər Portalının baş redaktoru Fərid Şahbazlı Gənclər Parlamentinin yaradılması ideyasını alqışlayır: “Hesab edirəm ki, Gənclər Parlamentinin yaradılması Azərbaycan gəncliyinin fəaliyyətinin koordinasiya olunması, gənclər arasında faydalı diskussiyaların təşkil edilməsi və eyni zamanda gənclərdə parlament mədəniyyətinin formalaşması baxımından vacib addımdır. Mən bu qərarı Azərbaycan dövlətinin gəncliyə dəstək siyasətinin davamı sayıram”. Qurumda məmur övladlarının təmsil olunacağına dair yayılan iddialara gəlincə, F.Şahbazlı bu barədə proqnoz verməyin nə qədər çətin olduğunu desə də, buna inanmadığını söylədi: “Gəncləri seçəcək Təşəbbüs Qrupunda kifayət qədər sanballı ziyalılar, dəyərli millət vəkilləri təmsil olunur. Onların bu cür iddiaların təsdiqlənməsinə yol verməyəcəyinə əminəm. Bütövlükdə hesab edirəm ki, bütün məsələlərdə olduğu kimi, bu layihədə də əsas meyar layiqlilik olmalıdır. Layiq olan, haqqı çatan hər kəs bu parlamentdə təmsil olunmalıdır. İlham Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin əsasında da məhz elə bu prinsiplər dayanır”AZXEBER.COM informasiya portalının redaktoru Hacıbəy Heydərli Azərbaycan Gənclər Parlamenti ideyasını sevinclə qarşılaşdığını deyir: "Bir həftə öncə belə bir xəbər yayılmışdı ki, Gürcüstanda deputatlıq yaşı 21-ə endirilir. O an düşündüm ki, görəsən Azərbaycanda da belə bir şey ola bilərmi? Və cəmi 3 gün sonra Azərbaycan Gənclər Parlamentinin xəbəri yayıldı. Ümid edirəm ki, parlamentə ən layiqli 50 gənc seçiləcək və 2 milyondan çox Azərbaycan gəncinin sözünü deyə biləcək". H. Heydərli məmur övladlarının qurumda təmsil olunmasına da münasibət bildirdi: "Məncə gəncləri iki yerə - məmur övladı olanlar və olmayanlara ayırmaq düzgün deyil. Biz hər birimiz Azərbaycan gənciyik və ölkəmizin inkişafı, tərəqqəsi üçün çalışmalıyıq. Qaldı ki, məmur övladlarının seçilməsinə məncə hazırda ictimai həyatda aktiv olan məmur övladları göz önündədir və onların seçilməsi normal alar. Amma bu günə qədər heç bir fəaliyyət göstərməyən, gənclərlə adi diskussiyada, müzakirədə olmayan məmur övladlarının parlamentə seçilməsi haqsızlıq olar. Amma mən əminəm ki, Gəncləri seçəcək Təşəbbüs Qrupu obyektivliyi qoruyacaq və layiqli gəncləri parlamentə seçəçək."Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi Əli Qasımov isə Gənclər Parlamentinin perspektivinə inanmır: "Məncə heç bir dəyişiklik olmayacaq, əgər parlamentə savadlı, ziyalı gənclər seçilsə gənclər üçün nəsə etmək olar. Son günlər mətbuatda yazırlar ki, parlamentə yalnız məmur, deputat övladları seçiləcək. Əgər belə olsa heç bir dəyişiklik olmayacaq. Amma bir şey də var ki, aktiv gənc onsuzda fəaliyyət üçün özünə yer tapacaq və ideyalarını gerçəkləşdirəcək". Ozal İbrahimli