“Müxtəlif ölkələrin nümayəndələri Azərbaycan haqda məlumatları dövlət qurumlarından da əldə edə bilərlər. Lakin siz- gənclər ölkənin imicinin formalaşmasında, onun tarixi və mədəniyyəti haqda məlumatların daha geniş və dolğun şəkildə dünya gənclərinə çatdırılmasında əvəzsiz rol oynayırsınız. ”
Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, bu fikirlər Macarıstanın Budapeşt şəfərində “Mən gənc səfirəm” ASAİF Forumu çərçivəsində Azərbaycanın müxtəlif ölklələrindəki səfirləri ilə gənclər arasında keçirilən görüş çərçivəsində səsləndirilib.
Görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Almaniyadakı səfiri Pərviz Şahbazov, Litvadakı səfiri Həsən Məmmədzadə, Avstriyadakı səfiri Qalib İsrafilov , İtaliyadakı səfiri Vaqif Sadıxov, Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Polşadakı səfiri Həsən Həsənov və Ukraynadakı səfiri Eynulla Mədətli iştirak ediblər.
Səfirlərin hər biri daim intellektual, geniş dünya görüşünə malik, təhsil aldıqları sahəni dərinliklərinə kimi bilən, aktiv gənclərin Azərbaycanın gələcəyinə yönəlmiş böyük potensial olduğunu diqqətə çatdırdılar. Vurğulandı ki, hansı ölkədə təhsil almalarından asılı olmayaraq mənsub olduqları ölkə haqda dərin biliklər, geniş dünya görüşü onlara səfir kimi yetişməkdə yardımçı olacaq.
Bildirildi ki, bu gün Ukraynada üç min, Böyük Britaniyada mindən artıq tələbə təhsil alır. Bu tələbələrin sayının getdikcə artması Azərbaycanın gələcəyinə xüsusi bir töhvədir. Məhz bu gənclər vətənə döndükdən sonra vətənə duyduqları yanğı ilə yeni ideyaları, müxtəlif layihələri və əldə etdikləri bilikləri ilə Azərbaycan üçün yeniliklər etmiş olacaqlar.
Səfirlər, gənclərə ənənələrini, dillərini, tarixlərini unutmamalarını məsləhət gördülər. Çünki, gənclər mənəvi dəyərlərini bilərlərsə məhz o zaman inkişaf edib, daha böyük uğular əldə edə bilərlər.
Həsən Həsənov: “Yenilik daim olmalıdır. Hər bir yeniləşmə prosesi o illərin gənclərindən başlayır. Hər nəsil belə hesab edir. Məhz 60-cı illərin gəncləri üçün ölkənin tarixi bu nəsildən, 80-ci illərin gəncləri üçün isə onlardan başlayır. Lakin yeniləşərək milli dəyərlərə sadiq qalmaq lazımdır. Məhz o an sağlam və parlaq gələcəyi olan inkişafdan danışmaq olar.”
Səfirlər bildirdilər ki, mədəniyyətin əldə etdiyi nailiyyətləri beynəlxalq və ikitərəfli əlaqələrdə çətin ki, kimsə qura. Məhz mədəniyyət yeganə sahədir ki, onun tərcüməçiyə ehtiyacı yoxdur.
Bu gün təhsil alan hər bir gəncin sabahın Azərbaycanı üçün potensial olduğunu bir daha diqqətə çatdıran səfirlər, daha sonra gənclərlə müxtəlif mövzularda fikir mübadiləsi apardılar.