AZXEBER.COM-un məlumatına görə, tədbir bir neçə məqamla yadda qalıb. Belə ki, tədbirin başlanması saatı dəvətnamələrdə 11:00 göstərilsə də, tədbir 1 saat 10 dəqiqə sonra başlayıb.
Maraqlıdır ki, təşkilatçılar bununla bağlı qonaqlara heç bir məlumat verməyib və bu səbəbdən də bəzi qonaqlar tədbiri başlamamış tərk ediblər.
Tədbiri giriş sözüylə açan təşkilatın sədri Nigar Ələsgərova 4 il ərzində gördükləri işlər haqda məlumat verib və hesabat tipli çıxış edib.
Ardınca "Odlar Yurdu" Gənclər İctimai Birliyinin fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib. Videoçarx nümayiş olunan zaman zalda internet kəsilib və bu səbəbdən video yarımçıq dayandırılıb, bu hal zalda gülüşlə qarşılanıb.
Tədbirdə çıxış edən qonaqlardan biri nitqinə zarafatla başlayıb və təşkilat sədrinin onu təkidlə tədbirə dəvət etdiyini deyib: "Mən neçə gündür ki, bərk xəstəyəm. Səhhətimə görə bugünkü tədbirə də qatıla bilməyəcəkdim. Bununla bağlı təşkilat sədrinə məlumat verəndə "Fuad müəllim qadanız alım, sağalın və tədbirimizə gəlin" dedi. Məhz bu sözdən sonra bura gəlməyi özümə borc bildim.
Daha sonra tədbirdə Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışılıb və bildirilib ki, region təşkilatlarının Bakıda tədbir keçirmələri mütərəqqi hadisədir.
Mərasimdə çıxış edən digər qonaqlar da təşkilatın fəaliyyətini Bakıda deyil, məhz bölgələrdə davam etməsinin vacibliyindən danışıb və qeyd olunub ki, Bakıda təşkilatlar çoxdur, "Odlar Yurdu" kimi təşkilatlar tədbirlərini regionlarda davam etsələr, daha yaxşı olar.
Tədbirdə daha bir diqqətçəkən məqam isə jurnalistlərə verilən press relizlərlə bağlı olub. Belə ki, jurnalistlərə təqdim olunan press relizdə adları qeyd olunan natiqlərdən bəziləri ümumiyyətlə tədbirə gəlməyib.
Tədbirdə təqdim olunan hesabat videosunda qeyd olunub ki, təşkilatla bağlı 4 il ərzində mətbuatda cəmi 80 xəbər yayımlanıb.
Bu isə özünü aparıcı təşkilatlardan hesab edən "Odlar Yurdu" üçün olduqca az məlumat deməkdir.
Bu yerdə qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən donor təşkilatları, istər QHT-lərə Dövlət Dəstəyi Fondu, istərsə də Gənclər Fondunun rəhbərliyi çıxışlarında QHT-lərin media ilə əlaqələrini daha sıx qurmasını və əməkdaşlığın davamlı olmasını tövsiyə etsə də, görünən odur ki, bəzi təşkilatların başı ancaq dövlətin pullarını, qrantlarını yeməyə qarışıb.
AZXEBER.COM