Madridin Santiaqo Bernabeo stadionunda Gənclər və İdman Nazirliyi (GİN) və “Real Madrid” Fondu - “Fundación Real Madrid” arasında əməkdaşlıq müqaviləsi imzalayıb.
Gənclər və İdman Nazirliyindən AZXEBER.COM-a bildirilib ki, 2013-2017-ci illəri əhatə edən bu əməkdaşlığın əsas məqsədi “Uşaqları futbola cəlb etməklə sağlamlıqlarının qorunması və cəmiyyətə İnteqrasiyası” adlı sosial layihə çərçivəsində Azərbaycanda sosial futbol məktəbinin yaradılmasıdır.Layihənin ilkin mərhələsində sosial futbol məktəbinin Bakı şəhəri “Vətən” İxtisaslaşmış Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.
İmzalanma mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev, “Real Madrid” Fondunun icraçı vitse-prezidenti Enrike Sançez, Fondun Baş Direktoru Xulio Qonzales Ronko və digərləri iştirak etmişlər.Mərasimi giriş sözü ilə “Real Madrid” Fondunun İcraçı Vitse-prezidenti Enrike Sançez qonaqları salamlamış, tədbirin əhəmiyyəti barədə danışmışdır.
Tərəflər arasında Əməkdaşlıq Müqaviləsinin Protokolu imzalandıqdan sonra Sançez “Real Madrid” Fondunun beynəlxalq layihələrindən danışılmışdır.Çıxışının sonunda Avropada səkkizinci məktəbin Azərbaycanda açılmasının “Real Madrid” Fondu üçün şərəf olduğunu vurğulayan Sançez, sosial futbol məktəbinin işinə uğurlar arzulamışdır.Sonra çıxış edən nazir müavini İ.İsmayılov Azərbaycan hökumətinin idman, o cümlədən futbolun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən və 21 illik müstəqillik dövründə əldə olunmuş nailiyyətlərdən danışmışdır.Nazir müavini qeyd etmişdir ki, Azərbaycanın Prezidenti İlham Əliyevin 2005-ci il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrasına xidmət edən bu əməkdaşlığı futbolun uşaqlar və gənclər arasında kütləviləşməsi, onların sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası istiqamətində atılmış tarixi addımdır.
İ.İsmayılov bildirmişdir ki, “Real Madrid” Fondunun sosial idman modeli əsasında yaradılacaq sosial futbol məktəbində 6-17 yaşlı oğlan və qızlara futbol üzrə təlim-məşqlərdən başqa, peşəyönümlü təlimlər, həyat bacarıqları, uşaqlar və valideynlər üçün psixo-sosial dəstək, valideynlik üzrə treninq və seminarlar təşkil ediləcəkdir.
Çıxışının sonunda İ.İsmayılov tarixi əhəmiyyətə malik belə bir əməkdaşlığın ərsəyə gəlməsində zəhməti olan Real Madrid Fondu, Azərbaycanın İspaniya Krallığındakı Səfirliyi, həmçinin bütün qurumlara və şəxslərə dərin təşəkkürünü bildirmişdir.İmzalama mərasimi hədiyyə mübadiləsi və xatirə şəkli çəkdirməklə yekunlaşmışdır.