"Gənclərimizin ölkə başçısının siyasətinə inamı bu qələbənin təməli oldu"

MANŞET
12:09 23.08.2021
719
Ölkəmizdə gənc nəslin həyat fəaliyyətinin yaxşılaşması, onların elm-təhsil sektorunda inkişafı istiqamətində görülən işlər ölkə başçısının diqqəti altındadır. Bu gün dövlət və özəl müəssisələrdə, aparıcı dövlət qurumlarında çalışanların çoxu gənclərdən ibarətdir. Bu da son illər bu sahədə aparılan islahatlarının nəticəsidir. 

Gənclərin inkişafına xüsusi diqqət ayıran ölkə başçısı İlham Əliyev öz çıxışında söyləmişdir ki, Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar:

"Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.

Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir".

Prezident İlham Əliyev də gənclərin milli ruhda tərbiyəsinə, milli mənlik şüurunun inkişafına toxunub. Azərbaycanın hər bir gəncində milli mənliyin, vətənpərvərliyin  təzahürlərini görmək olar. Tarix boyu hər bir vətəndaş öz ölkəsinə, vətəninə bağlı şəxslər olub. Bizim xüsusən gənclərdə bunu görməyimiz, həqiqətən, ölkəmizin milli ruhda gənclər yetişdirməsinin bariz nümunəsidir.

Milli mənliyə bir çox komponentlər daxildir. Vətəni sevmək, ona məhəbbət bəsləmək, vətənin sərvətlərini qorumaq, onlara xüsusi həssaslıqla yanaşmaq kimi hisslər daxildir. Bu hisslərin xüsusən gənclərdə yaradılması vətənin gələcəyi üçün mühüm amildir. Çünki gənclər ölkənin gələcəyidir. Ona görə də, milli mənlik şüuru vəzifəsindən, kimliyindən,  mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan gəncində olmalıdır.

Ötən il 44 günlük Vətən Müharibəsi dönəmində biz hər bir azərbaycanlıda, Azərbaycandan kənarda yaşayan soydaşlarımızda, xüsusən gənclərdə vətənpərvərlik hisslərinin nə qədər yüksək olmasının bir daha şahidi olduq. Vətən Müharibəsi dövründən bu hisslərin təzahürü, vətən, torpaq sevgisi sayəsində Azərbaycan bir yumruq kimi birləşdi. Gənclərimizin ölkə başçısının siyasətinə inamı, əsgərlərimizin yenilməz gücü bu qələbənin təməli oldu. Həmin dönəmdə könüllü olaraq döyüşə getmək istəyən gənclərin sayı-hesabı yox idi. Hər kəs torpaqlarımızın azad olmasını istəyir, bunun canları və qanları bahasında olmasına hazır idi.

Elə ötən ay "Europamapas” sorğu mərkəzi dünya dövlətləri arasında ən vətənpərvər əhalisi olan ölkələrin siyahısını müəyyən edib. Hazırlanan infoqrafikada Azərbaycan əhalisi öz vətəni uğrunda döyüşməyə hər an hazır olan ölkələr arasında ilk sırada qərarlaşıb. Bu da azərbaycanlıların yüksək vətənpərvərlik hisslərinin dünya səviyyəsində rəsmi göstəricisidir. 

AZXEBER.СOM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov mövzu ilə bağlı fikirlərini bölüşüb.

Deputat bildirib ki, bu gün müzəffər Azərbaycan gənci tarixin heç bir dövründə olmadığı qədər inkişaf etmiş və aydın milli mənlik şüuruna malikdir:

"Xatırlayırsınızsa, 2019-cu ildə Prezident İlham Əliyev BDU-nun 100 illik yubiley tədbrində çıxışı zamanı gəncliyə mühim mesajlar vermişdi və orada səslənən tövsiyyələr əslində gənc nəsil üçün milli mənlik şüuru və vətənpərvərlik hisslərinin istiqamətlənməsi üçün yol xəritəsi oldu. 44 günlük müharibədən sonra isə torpaqları işğaldan qurtulmuş, şəhidinin qanı alınmış bir toplum əslində utancdan qurtarmaqla həm də milli qürurunu bərpa etdi. Bu gün müzəffər Azərbaycan gənci tarixin heç bir dövründə olmadığı qədər inkişaf etmiş və aydın milli mənlik şüuruna malikdir".

Bəhruz Məhərrəmov bildirib ki, əsas önəmli məsələ isə bu hisslərin əmələ və xidmətə çevrilməsidir:


"Lakin, bu hisslərin olması yetərlidirmi, əlbəttə, xeyr. Önəmli olan hisslərin əmələ və xidmətə çevrilməsidir. Məsələn, müharibə dövründə vətəndaşımız, xüsusən, gənclərimiz vətənpərvərliyini əməlində göstərdi, dırnaqları ilə Şuşa sıldırımlarını dırmanan, yaxud ölümün gözünə dik baxıb 30 il möhkəmlənən düşmən müdafiə xətlərini bir neçə saata yerlə yeksan etməsindən daha böyük vətənpərvərlik şüuru və xidməti ola bilməzdi. Bu gün artıq müharibə bitib, gəncliyin qarşısında zəfərin nəticələrini qorumaq öhdəliyi var. Həmçinin, hücum siyasəti doktrinasının əsas yükü gəncliyin milli mənlik şüurunun üzərinə düşür. Qədim yurd yerimiz olan Qərbi Azərbaycanın repatriasiyası, yurd yerlərimizin mənəvi terrordan azad edilib öz həqiqi adına, ruhuna, əsl sahiblərinə qovuşması kimi şərəfli vəzifələr gəncliyin üzərinə düşür və yetişən gənclik bu mənəvi öhdəliyi yerinə yetirməyə tam qadirdir. Təəssüf ki, bu gün din, təriqət adı altında ayrı-ayrı dövlətlərin  siyasətinə alət olan zombiləşmiş gənclərə, habelə, "demokratiya dəyərləri" ilə beyni yuyulmuş nihilist nəsil nümayəndələrinə rast gəlirik. Əlbəttə, bunlar üzücü məqamlardır, amma onların say çoxluğu təşkil etməməsi, habelə, dövlətin bu istiqamətdə planlı siyasəti zamanla bu problemin də öhdəsindən gələcəyimizdən xəbər verir".

Bəli, bu gün Azərbaycan gəncliyi tarixin ən yüksək zirvəsindədir. Gəncliyimizin bugünki inkişafı, daha da çiçəklənməsi və bu inkişafın davamlı olması elə biz gənclərin əlindədir. Hər bir gənc milli mənlik, vətənpərvərlik, dövlətçilik məsələlərində öz üzərinə düşən məsuliyyəti yerinə getirməli və dövlət, millət üçün layiqli bir vətəndaş olmalıdır. Elə bu yerdə dahi şairimiz Məmməd Arazın bir deyimi yada düşür: "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı".
 
Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusu üzrə dərc olunub.

 

 

OXŞAR XƏBƏRLƏR