2016-cı ildə Avropa gənclərinin gözü Azərbaycanda, daha doğrusu Gəncədə olacaq. Avropanın Gənclər Paytaxtı elan edilən Gəncə iki ildən sonra bir çox xarici ölkələrdən qonaqlar qarşılayacaq, möhtəşəm tədbirlərə, festivallara ev sahibliyi edəcək.
Avropa Gənclərinin paytaxtı olmaq uğrunda Gəncə iki il mübarizə aparıb. Avropa Gənclər Forumunun təşəbbüsü ilə keçirilən bu müsabiqə 2009-cu ildən başlanıb. Avropa İttifaqının nəzdində olan bu qurum bütün qitə ölkələrini əhatə edən, milli və beynəlxalq gənclər təşkilatını təmsil edən və elə onların özləri tərəfindən idarə olunan müstəqil bir platforma təklif edir. Forum gənclərin qabiliyyətlərinin inkişaf etdirilməsi, onların maraqlarının qorunması ilə məşğul olur. Bu təşkilat Avropa Şurası, Avropa Komissiyası, Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq səviyyəsində fəaliyyət göstərir.
Gənclər Paytaxtı olmaq istəyən şəhərin ya bələdiyyəsi, ya da gənclər təşkilatları onun namizədliyini irəli sürür, şəhərin bu adı daşıya biləcəyini əsaslandırır. Seçim üçün meyarlar da çoxtərəflidir. Əsas şərt – paytaxt olacaq şəhərdə, gənclərin inkişafı üçün yaxşı şərait yaradılmalı, hökumətin yürütdüyü siyasət gənclərin ictimai və siyasi proseslərdə aktiv iştirakına imkan verməlidir. Namizəd olan şəhərlər paytaxt olacağı təqdirdə görüləcək işlər haqqında da layihəni münsiflərə təqdim edir.
Gəncə öz namizədliyini verəndən sonra Avropanın müxtəlif ölkələrində tədbirlər keçirilib, təqdimatlar təşkil olunub. Bu haqda sosial şəbəkələrdə aktiv iş aparılıb, Gəncənin bütün Avropaya tanıdılması üçün müxtəlif səhifələr yaradılıb. Nəticədə, Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə yarışan Gəncə hədəfinə yaxınlaşmağa nail olub. Finalda isə Gəncə digər 5 şəhər - Badajoz (İspaniya), Galvay (Şimali İrlandiya), La Laguna (İspaniya), Varna (Bolqariya) və Vilnüs (Litva) şəhərlərinə qalib gələrək Gənclər Paytaxtı adını qazanıb. Münsiflərin tərkibinə Avropa Şurası və Avropa Parlamentindəki müxtəlif qurumları təmsil edən namizədlər daxil olub.
Paytaxt şəhərlər
Avropanın ilk Gənclər Paytaxtı 2009-cu ildə Hollandiyanın Rotterdam şəhəri seçilib. Növbəti ildə İtaliyanın Turin, 2011-ci ildə Antverpen (Belçika), 2012-ci ildə Braqa (Portuqaliya) bu adı daşımağa layiq görülüb. Bu il Avropa Gənclər Paytaxtı Sloveniyanın Maribor şəhəridir. Gələn il bu titulu Yunanıstanın Soloniki şəhəri daşıyacaq. 2015-ci il üçün Kluj Napoka (Rumıniya), nəhayət 2016-cı ildə Gəncə Avropa gənclərini ətrafına toplayacaq.
Paytaxt olmaq nə deməkdir?
Avropanın Gənclər Paytaxtı – bir il müddətinə verilən bir statusdur. Bu müddət ərzində həmin şəhər müasir mədəniyyətini, gənclərin sosial, iqtisadi, siyasi aktivliyini inkişaf etdirmək praktikasını bütün dünyaya göstərmək şansı qazanır. Bu şəhərdə gənclərin iştirakı ilə innovasiya layihələri işlənilir, sonradan bu ideyalar digər Avropa şəhərləri üçün də modelə çevrilir. 12 ay ərzində Avropa Gənclər Paytaxtı beynəlxalq səviyyədə mütəxəssislərin iştirakı ilə geniş miqyasda gənclər proqramını icra edir. Bu məkan şəhər həyatının bütün sferalarına aid fərqli, kreativ ideyaların beşiyinə çevrilir.
Müsabiqənin əsas məqsədlərindən biri gənclərin təşəbbüskarlığını inkişaf etdirmək yolu ilə yerli icmalar və Avropa institutları arasında əməkdaşlığı gücləndirməkdir. Paytaxt şəhər gələcəkdə digər Avropa şəhərləri üçün nümunə kimi misal çəkilir. Avropa Gənclər Paytaxtı statusu yerli gənclər qurumlarına həm yerli, həm də Avropa səviyyəsində qərar qəbul etmə prosesində iştirak şansını verir. Bu ad ölkənin gənclər siyasəti sahəsində qazandığı uğurları bütün Avropaya nümayiş etdirməyə imkan verir.
Artıq Gəncə gəncləri qələbənin dadını indidən çıxarmağa başlayıb. Belə ki, Avropa Gənclər Forumunun qərarı açıqlanandan sonra Gəncənin Mərkəzi meydanında yürüş və konsert proqramı təşkil olunub.![](/)
Gənclər və İdman Nazirliyinin gənclərlə iş üzrə şöbə müdiri İndira Hacıyeva:
– Məlum olduğu kimi, Avropa Gənclər Paytaxtı müsabiqəsində iştirak etmək təşəbbüsü ilk olaraq Gənclər və İdman Nazirliyindən irəli gəlib. 2011-ci il üçün Azərbaycan Gəncliyi dövlət proqramı hazırlanarkən, yazılarkən orada 2015-ci ildə Azərbaycanın bir şəhərinin Avropanın gənclər paytaxtı seçilməsi üçün namizədliyinin verilməsi təşəbbüsü də vardı. 2012-ci ildən başlayaraq bu sahədə işlər görüldü. İlk olaraq, Gəncə Azərbaycanın gənclər paytaxtı seçildi. Biz Azərbaycan gənclərini buna hazırladıq, bu sahədəki biliklərini artırmağa çalışdıq və daha fəal olmağa çalışdıq. Azərbaycanın gənclər paytaxtı uğrunda mübarizə zamanı gəncəlilər xeyli təcrübə topladı. Çünki artıq həmin mərhələdə gənclər Facebook-da dəstək qrupu yaratdı, xaricdə yaşayan azərbaycanlı gəncləri də bu işə cəlb etdilər. Yəni, artıq beynəlxalq səviyyəli müsabiqələrdə iştirak etmək üçün vərdiş qazanmış oldular. İntensiv aparılan iş nəticəsində Gəncə çox böyük fərqlə rəqiblərinə qalib gəldi. Bu vərdiş Avropa üzrə mübarizə zamanı Gəncə gənclərinin işinə yaradı, onlar özlərini bütün Avropa üzrə tanıda bildi.
Bu qələbənin ən önəmli tərəflərindən biri də odur ki, artıq Azərbaycanda gənclərin inkişafı üçün yüksək şərait yaradılması faktı beynəlxalq səviyyədə qəbul olunub. Bu siyasət digər ölkələr üçün nümunə ola bilər. Digər tərəfdən, artıq qəbul olunub ki, belə münbit şərait təkcə paytaxt Bakıda deyil, regionlarda da mövcuddur. Həmçinin, Avropa Gənclər Paytaxtı seçilməsi bu müddət ərzində bütün Avropada Azərbaycanın, Gəncənin adı dönə-dönə səslənəcək. Bir sözlə, 2016-cı ilin sonunadək “gənclər” və “Azərbaycan” Avropa məkanında aparıcı mövzuya çevriləcək. Və nəhayət, Gəncə Avropanın digər yerlərindən gəncləri qəbul edəcək ki, bu da bölgələri tanıtmaq və daha da inkişaf etdirmək üçün vacib bir amildir.
Avropa Gənclər Forumunun prezidenti Peter Matyasiç:
– Bu dəfə Avropa Gənclər Forumu gənclər paytaxtı titulunu Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təqdim etdi. Bu şəhər özünü gənclərlə iş sahəsində çox güclü rəqib kimi nümayiş etdirdi. Biz bütün iştirakçıların səylərini yüksək qiymətləndiririk. Finala keçən altı şəhərin hər birində gənclər təşkilatları bu sahədə inkişafı gücləndirmək üçün özlərinin perspektivli baxışlarını təqdim edib. Lakin üstünlük Gəncənin oldu. Biz güclü, rəngarəng və detallı təkliflərinə və gənclərin iştirakı, təhsil, sosial inteqrasiya, məşğuliyyət və könüllülük kimi məsələlərin həlli istiqamətində verdiyi töhfəyə görə Gəncəni təbrik edirik!
Millət vəkili Fuad Muradov:
– Bir neçə tanınmış şəhərlər arasında Gəncənin paytaxt seçilməsi həm də Azərbaycana verilən qiymətdir. Bu, il ərzində bir çox beynəlxalq tədbirlərin Gəncədə keçirilməsi o deməkdir ki, bu, təbliğat baxımından çox önəmlidir. Bu müddət ərzində həm Azərbaycana, həm də paytaxt seçilən Gəncəyə böyük diqqət ayrılacaq. Şəhərdə keçirilən tədbirlər Avropanın aparıcı KİV-də işıqlandırılır, bu da şəhərin pozitiv imicini artıracaq, turizmin inkişafına yol açacaq.
B statusunun regional təsiri də olur, çünki yalnız paytaxt seçilən şəhər yox, ətrafdakı bölgələr də aktiv olaraq prosesə qoşulur. Həmçinin, bu adı qazandıqdan sonra yerli gənclər təşkilatları üçün bir çox sahələrdə əlavə beynəlxalq tərəfdaşlar tapmaq daha da asanlaşır. Mən bu işdə əziyyət çəkən, zəhməti keçən insanların hamısına təşəkkür edirəm.New Baku Post