Azərbaycanın dövlət rəmzləri olan bayraq, gerb və digər rəsmi atributlar bəzən müxtəlif məişət əşyalarının üzərində istifadə olunur. Lakin bəzi hallarda bu rəmzlərə lazımi hörmət göstərilmir. Hətta dövlət rəmzləri avtomobillərdə günəşdən qoruyan örtüklərin üzərində də əks olunur. Halbuki dövlət rəmzləri istənilən məqsədlə və istənilən yerdə istifadə olunmaq üçün nəzərdə tutulmayıb. Onlara hər zaman ehtiramla yanaşılmalı, istifadəsi isə qanunvericiliyin tələblərinə və cəmiyyətdə formalaşmış hörmət prinsiplərinə uyğun olmalıdır.
Maraqlıdır, üzərində milli rəmzlər əks olunan bu məhsulları ölkəyə kim idxal edir və onların satışı ilə kim məşğul olur?
Milli Məclisin deputatı Aqil Abbas AZXEBER.COM-a açıqlamasında bildirib ki, bayraq və gerb Azərbaycanın müqəddəs dövlət rəmzləridir və onlardan düzgün şəkildə istifadə edilməlidir:

"Bayraq və gerb Azərbaycanın müqəddəs rəmzləridir. Onlardan hər yerdə istifadə etmək düzgün deyil. Məsələn, üzərində gerb təsviri olan dəsmalla bədəni silmək doğru deyil. Vaxtilə insanlar toy məclislərində pulu yerə atırdılar. Sonradan bu ənənədən imtina olundu və artıq belə hallara rast gəlinmir. Bu məsələdə də insanlar daha məsuliyyətli və düşüncəli olmalıdırlar. Belə əşyalardan istifadə edənlər düzgün davranmırlar. Ancaq əsas məsuliyyət bu məhsulları istehsal edənlərin üzərinə düşür. Belə vasitələrin istehsalına yol verilməməlidir”.
Şahanə Ziyad












































