Girovlarımızla bağlı ən radikal addımlar atmaq tələb edildi

Girovlarımızla bağlı ən radikal addımlar atmaq tələb edildi
Bütün Xəbərlər
16:30 14.11.2014
1199

Girovlarımızla bağlı aclıq aksiyasına başlandı. Qarabağ Azadlıq Təşkilatının üzvləri aclıq aksiyasına başlayıblar.

AZXEBER.COM xəbər verir ki, aksiya ermənilərin girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə beynəlxalq təşkilatların göstərdiyi biganəliyə və Azərbaycan hakimiyyətinin bu məsələdə fəaliyyətsizliyinə etiraz olaraq keçirilir.

Aksiya iştirakçıları BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqını, ayrıca olaraq ATƏT-in Minsk qrupunu işğalçı Ermənistanın bu qanunsuz hərəkətlərinə, girovlara işgəncə verilməsinə, saxta “məhkəmə prosesi”nə dözməməyə, biganəliyə son qoyaraq günahsız insanları erməni cinayətkarlarının əlindən almağa çağırır, həmçinin Azərbaycan hakimiyyətindən girovları xilas etmək üçün ən radikal addımları atmağı tələb edir.

Aksiyaya ilk olaraq Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, təşkilatın İdarə Heyətinin üzvü Nəsib Cəfərov, Ali Məclisin üzvləri Tahir Bayramov, Rəhman Cəfərov və digərləri qoşulublar.

Girov Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov, qardaşı arvadı Cəmilə Musayeva, döyüş yoldaşı Sevindik Məmmədov və digərləri aksiya iştirakçılarına baş çəkiblər.

Həkim Zöhrab Şirinov aclıq edənlərin sağlamlıq durumunu yoxlayıb.

Aksiya iştirakçıları beynəlxalq təşkilatlara, Azərbaycan hakimiyyətinə və cəmiyyətinə müraciət qəbul ediblər. Müraciətdə bu tələblər əksini tapıb:

1. BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, Qırmızı Xaç Komitəsinin rəhbərləri azərbaycanlı girovlarla bağlı məsələni təcili müzakirəyə çıxarmalı, girovların Azərbaycana qaytarılması üçün təsirli addımlar atmalıdır.

2. ATƏT-in Minsk qrupunun həmsədrləri 22 illik mənasız və nəticəsiz fəaliyyətdən sonra, heç olmasa indi bir iş görməli, məsələyə ciddi müdaxilə etməlidir.

3. İslam Əməkdaşlıq Təşkilatı azərbaycanlı girovlarla bağlı təcili müzakirələr keçirməli, təsirli tədbirlər görməli, quruma daxil olan ölkələrin işğalçı Ermənistanla bütün əlaqələri kəsməsinə dair qərar qəbul etməlidir.

4. Noyabrın 12-də cəbhə xəttində vurulan hərbi helikopterdəki ermənilərin meyitlərinin yalnız azərbaycanlı girovlar azad edildikdən sonra geri qaytarılmasına imkan verilə bilər.

5. Azərbaycan hakimiyyəti işğalçı Ermənistanla danışıqları dayandırmalı, girovların azad edilməsi üçün lokal hərbi əməliyyat keçirməli, sonra isə torpaqlarımızın azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamalıdır.

Xatırladaq ki, oktyabrın 27-də işğalçı Dağlıq Qarabağ rejimi Kəlbəcərdə ermənilərin əlinə keçmiş azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovu mühakimə etməyə başlayıb. İşğalçı rejim bu iki azərbaycanlını iyul ayında girov götürüb. Daha bir azərbaycanlı – Həsən Həsənov öldürülüb. Həsən Həsənovun nəşi qarşı tərəfdən oktyabrın 2-də alınıb, oktyabrın 4-ü Bakıda dəfn edilib.

Noyabrın 12-də Azərbaycan ordusu işğal olunmuş ərazilərdə döyüş uçuşları keçirən Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 hərbi helikopterini məhv edib. Nəticədə döyüş helikopterinin Ermənistan Hərbi Hava Qüvvələrinin zabitlərindən ibarət ekipaj üzvləri (ümumilikdə 3 nəfər) məhv olub.

OXŞAR XƏBƏRLƏR