"Bu gün cəmiyyətimizin ən aktual problemlərindən biri məhz gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasıdır”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda keçirilən konfrans zamanı deyib.
O qeyd edib ki, ailənin və cəmiyyətin gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasındakı rolu istiqamətində müzakirələr aparacağıq:
"Biz milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması dedikdə təkcə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasını və yaxud gənclərimiz arasında dilimizə, dinimizə sağlam münasibətin formalaşmasını nəzərdə tutmuruq. Eyni zamanda gənclərlə iş istiqamətində, xüsusilə sosial şəbəkələr vasitəsilə bu prosesin aparılması, bununla yanaşı, ailənin və cəmiyyətin gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasındakı rolu istiqamətində müzakirələr aparacağıq. Təbii ki, əgər söhbət gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsindən gedirsə, burada din xadimlərinin, dini icmaların da rolu olduqca əhəmiyyətlidir. Bu baxımdan konfransın əsas iştirakçıları Gənclər və İdman Nazirliyinin, gənclər təşkilatlarının, yerli strukturların nümayəndələri ilə yanaşı, ölkəmizin bütün bölgələrindən olan din xadimləri, dini icma sədrləri, eyni zamanda bu prosesdə aktiv iştirak edən ilahiyyatçılardır”.
"Əsas mövzularımız isə ailə, təhsil və cəmiyyətin, eyni zamanda dini icmaların, dini konfessiyaların bu prosesdə iştirakını müzakirə etmək, bu sahədə fəaliyyətimizi daha sıx və effektiv şəkildə koordinasiya etməkdir. Eyni zamanda sosial şəbəkələrdə medianın imkanlarından istifadə edərək gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində işimizi daha da gücləndirmək əsas məqsədlərimizdəndir.
Biz bu prosesdə, qeyd etdiyim kimi, dini icmaların və din xadimlərinin roluna xüsusi önəm veririk. Bu baxımdan hesab edirik ki, din xadimləri və dini icmalarla işimizin daha da gücləndirilməsinə bu gün olduqca böyük ehtiyac var.
Bir sözlə, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması günümüzün ən aktual məsələlərindən biridir və biz bu istiqamətdə aidiyyəti qurumlarla işimizi daha da gücləndirəcəyik”,-deyə sədr müavini bildirib.
Şahanə Ziyad











































