Şaxtalı hava şəraiti ilə əlaqədar bu gün Bakıda təxminən 700 sərnişin avtobusu işə çıxıb. Bu barədə cümə günü Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib.
Onun sözlərinə görə, dünən olduğu kimi, bu gün səhər də Bakıda marşruta avtobusların yalnız bir hissəsi çıxıb.
"Lakin yollarda şəraitin yaxşılaşması ilə günün ikinci yarısından avtobusların sayının artacağı mümkündür", - Həsənov deyib.
O bildirib ki, paytaxtda adi şəraitdə 2 mindən çox avtobus işləyir.
Həmçinin, mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, hazırda yolların təmizlənməsi, qum və duz səpilməsi üzrə işlər davam etdirilir.
"Bu işlər texnikanın hərəkətinin mümkün olduğu yerlərdə aparılır", - Həsənov əlavə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.
Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.