Gürcüstanda dövlət universitetlərində təhsil tamamilə ödənişsiz oldu - Azərbaycanda da ola bilər?

Gürcüstanda dövlət universitetlərində təhsil tamamilə ödənişsiz oldu - Azərbaycanda da ola bilər?
SOSİAL
15:29 03.08.2026
233
Xəbər verdiyimiz kimi, Gürcüstanda dövlət universitetlərində ali təhsil tələbələr üçün ödənişsiz olacaq.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Bununla yanaşı, yeni maliyyələşdirmə modeli çərçivəsində tələbələrin təhsilə marağını və motivasiyasını qorumaq üçün xüsusi mexanizmlər də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda da dövlət universitetlərində təhsil həm dövlət sifarişi, həm də ödənişli əsaslarla həyata keçirilir.

Maraqlıdır, Gürcüstanda tətbiq edilən bu model Azərbaycanda da həyata keçirilə bilərmi?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda da bu modelin tətbiqi gələcəkdə mümkün ola bilər:

"Azərbaycanda da bəzi universitetlər artıq publik hüquqi şəxsə çevrilib. Ancaq qəbul qaydalarına görə, Gürcüstandan fərqli olaraq bizdə təhsil ödənişlidir. Qəbul zamanı da belə bir təcrübə tətbiq olunur. Məsələn, tələbələrin təxminən 50 faizi dövlət sifarişi əsasında, digər 50 faizi isə ödənişli əsaslarla təhsil alır. Bu təcrübə dünyanın bir çox ölkəsində mövcuddur. Məsələn, dövlət universitetlərinə ən yüksək biliyə, bacarığa və kompetensiyaya malik şəxslər qəbul olunur. Qardaş Türkiyədə də oxşar model tətbiq edilir. Özəl universitetlərlə yanaşı, qarışıq model də mövcuddur. Yəni dövlət universitetlərində həm dövlət sifarişi, həm də ödənişli əsaslarla təhsil alan tələbələr olur".
 


Məzahir Məmmədli qeyd edib ki, bunun üçün universitetlərin inkişaf səviyyəsi və dövlət dəstəyi əsas şərtlərdən biridir:

"Bizdə də bunun nümunəsi var. Qarabağ Universitetində bütün tələbələr dövlət hesabına təhsil alırlar. Bu təcrübəni daha da genişləndirmək mümkündür. Gələcəkdə Azərbaycanda da Gürcüstandakı modelə bənzər sistem tətbiq oluna bilər. Ancaq universitetlər buna hazır olmalıdır. Onlar tədqiqat universitetlərinə çevrilməli, maddi-texniki bazalarını gücləndirməli və savadlı məzunlar yetişdirməlidirlər. Bunun üçün yenilənən maliyyə imkanlarından səmərəli istifadə edilməlidir. Eyni zamanda, dünya universitet reytinqlərində irəliləyiş əldə olunmalıdır ki, onlara etimad artsın. Bu halda dövlət də Qarabağ Universitetində olduğu kimi, əlavə dəstək mexanizmləri tətbiq edə bilər".

Təhsil eksperti əlavə edib ki, Qarabağ Universitetində tətbiq olunan model bu istiqamətdə uğurlu nümunə hesab oluna bilər:
"Qarabağ Universitetinə bu il qəbul ballarının ötən iki illə müqayisədə yüksələcəyi gözlənilir. Çünki rəqabət artıb. Ora daha keyfiyyətli təhsil almaq istəyən abituriyentlər üz tutur. Tibb, hüquq, mühəndislik kimi ixtisaslar üzrə, eləcə də ikili diplom proqramlarının tətbiqi ilə bağlı planlar var. Bir sözlə, Azərbaycanda da belə bir modelin tətbiqi mümkündür. Çünki bunun ilkin təcrübəsi artıq mövcuddur. Qarabağ Universiteti buna yaxşı nümunədir. Burada əsas məsələ universitetlərin buna nə dərəcədə hazır olmasıdır. Dövlətin etimadı və dəstəyi olduğu halda, təhsil xərclərinin 100 faizini öz üzərinə götürməsi mümkündür. Bunun üçün isə universitetlər yüksək ixtisaslı kadrlar və rəqabətqabiliyyətli mütəxəssislər yetişdirməlidirlər".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR