Gürcüstanda nə baş verir? - Təhlil

SİYASƏT
17:45 20.08.2013
1500

2013-cü ilin may ayında Gürcüstanın baş naziri Bidzina İvanişvili qarşıdan gələn prezident seçkilərində "Gürcü arzusu” koalisiyasından prezidentliyə namizəd kimi baş nazirin müavini və təhsil naziri Qiorqi Marqvelaşvilini irəli sürmüşdür. "Gürcü arzusu”nun iclasında Marqvelaşvilinin namizədliyi yekdilliklə dəstəklənmişdir.

43 yaşlı Q.Marqvelaşvili 2000-2006-cı illərdə və 2010-2012-ci illərdə Gürcüstanın İctimai İşlər İnstitutunun rektoru vəzifəsində çalışmış, 2012-ci ildə İvanaşvili hakimiyyətində təhsil naziri, 2013-cü ilin fevral ayında isə baş nazirin müavini vəzifəsinə təyin edilmişdir.

Fəlsəfə təhsili almış Q.Marqvelaşvili Gürcüstanın keçmiş baş naziri Zurab Jvaniyanın müttəfiqi və yaxın dostu olmuşdur. Dünyasını dəyişmiş Z.Jvaniyanın adına olan instituta uzun illər rəhbərlik etmişdir. Parlamentin keçmiş spikeri Nino Burdcanadze müxalifətə keçdikdən sonra bir-neçə ay onun məsləhətçisi kimi fəaliyyət göstərmişdir. B.İvanaşvili ilə möhkəm dostluq əlaqələri olduğu söylənilir. Onların il yarım bundan əvvəl tanış olduqları bildirilir. Parlament seçkiləri kampaniyası dövründə Marqvelaşvili bir çox digər həmfikirlərindən fərqli olaraq, "Gürcü arzusu"su üçün təbliğat aparmışdır.

Saakaşvilinin partiyasının namizədi isə parlament spikeri və xarici işlər naziri vəzifələrini daşımış David Bakradzedir. "Vahid Mili Hərəkat” düşərgəsinin namizədi və daha yüksək nüfuza malik olan Bakradzenin baş nazir İvanaşvilinin namizədi Q.Marqvelaşviliyə qarşı ciddi rəqib olacağı gözlənilir. Gürcüstan siyasətinin kəskin dövründə David Bakradze təmkinini qorumuş və qalmaqallardan uzaq siyasətçi kimi tanınır.

ABŞ-ın Milli Demokratik İnstitutunun sifarişi ilə iyun ayında Gürcüstanda keçirilmiş ictimai rəy sorğusunun nəticələrinə görə sorğuda iştirak edənlərin 29%-i Marqvelaşvilini, 10%-i isə iyun ayında adı hələ məlum olmayan Milli hərəkatın namizədini, 5%-i Nino Burcanadzeni, 4%-i Qiorqi Tarqamadzeni, 3%-i Şalva Natelaşvilini, 3%-i isə Salome Zurabaşvilini prezident görmək istədiklərini bildirmişdilər.

Marqvelaşvilinin reytinqi 45%, Bakradzenin reytinqi isə 48% təşkil etmişdir.

Sorğunun nəticəsi göstərir ki, "Gürcü arzusu”nu dəstəkləyən vətəndaşların sayı 2012-ci ilin noyabr ayındakı 63%-lik nəticədən 52%-lik nəticəyə enmişdir. "Vahid Mili Hərəkat”ı dəstəkləyənlərin sayı isə dəyişməyərək 10%-lik nəticəni göstərmişdir.

Gürcüstanda ən güclü müxalifət partiyası hansıdır sualına cavab olaraq isə sorğuda iştirak edənlərin 47%-i "Vahid Mili Hərəkat” cavabını vermişdir.

Ölkədəki bir çox ekspert Marqvelaşvilinin növbəti prezident olacağına şübhə etmir. Onların fikrincə, prezidenti xalq yox İvanaşvili seçir. Leyborist partiyasından prezidentliyə namizəd Şalva Natelaşvili Marqvelaşvilini "ambisiyasız və idarə olunan fiqur” olduğunu bildirmişdir.

Təhsil naziri vəzifəsində olarkən Marqvelaşvili Əmək Məcəlləsində təklif olunan dəyişiklikləri tənqid edib onları biznes üçün "dəhşət” adlandırdığında KİV-in diqqət mərkəzinə çevrilmişdi. Marqvelaşvili məktəb dərsliklərinin çapı ilə bağlı sifarişləri tender elan edilmədən yaxınlarının şirkətlərinə verdiyi üçün də tənqid atəşinə tutulmuşdu.

2013-cü ilin iyul ayında təhsil nazirliyi və baş nazirin müavini vəzifələrini tərk edən Marqvelaşvilinin xüsusi siyasi təcrübəsinin və öz komandasının olmaması artıq hamıya məlumdur.

Marqvelaşvilinin prezidentliyə namizəd kimi göstərilməsi Gürcüstanda bir çoxları üçün gözlənilməz olmuşdur. Daha real namizədlər arasında energetika naziri Kaxa Kaladze və müdafiə naziri İrakli Alasaniyanın olmasına baxmayaraq, İvanaşvili namizədin öz şəxsi seçimi olduğunu bildirmiş və üstünlüyü ona vermişdir.

Hazırkı müdafiə nazirinin prezidentliyə namizədlər arasında olmaması haqqında İvanaşvili öz fikrini belə söyləmişdir: "İrakli Alasaniyanın çox yaxşı vəzifəsi var, çox güclü bir nazirliyə rəhbərlik edir. Bizim İrakli ilə gələcəkdə konkret bir planımız var”.

Oktyabrda keçiriləcək prezident seçkilərindən sonra qüvvəyə minəcək yeni konstitusiya modelinə əsasən, baş nazirin səlahiyyətləri prezidentin səlahiyyətlərinin azaldılması hesabına artır. Gürcü politoloqların fikrincə, baş nazir daha az ambisiyaları olan, prezident olacağı təqdirdə, ona gələcəkdə problemlər yaratmayacaq və özünə loyal olan şəxsin namizəd olmasını istəyir və daha bir neçə il ölkəni idarə etmək üçün öz güclü hakimiyyətini formalaşdırmağa çalışır.

Lakin bir çox gürcü üçün hələ də prezidentlik vacib post hesab olunur və Bidzinanın hakimiyyəti dövründə bu fikri dəyişmək mümkün olmayıb.

David Bakradze Marqvelaşvilini seçki öncəsi debatlara dəvət etsə də, sonuncu David Bakradze ilə tet-a-tet debatlardan imtina edəcəyini bildirmişdir. O, yalnız bütün namizədlərin olduğu debatların standartlara uyğun gəldiyini qeyd etmişdir.

İvanaşvili oktyabrda keçiriləcək seçkilərdə ölkənin tarixində bir ilk olaraq dövlətin resurslarından hər-hansı namizədin xeyrinə istifadə olunmayacağını və avropasayağı seçkilərin keçiriləcəyini bəyan etmişdir. Newtimes.az analitik-informasiya portalının sosial şəbəkələrdə keçirdiyi sorğuya əsasən isə insanlar Marqvelaşvilinin seçilmə şansının az olduğunu, yalnız hökumət resurslarından istifadə edərsə prezident seçiləcəyini bildirmişdir.

Prezidentliyə namizədlərdən "Demokratik hərəkat - Vahid Gürcüstan” lideri, Saakaşvilinin keçmiş müttəfiqi və eks-spiker Nino Burdcanadzeni də unutmaq lazım deyil. Newtimes.az saytının keçirdiyi sorğunun nəticələrinə görə, onun nüfuzunun insanlar arasında olduqca böyük olması görünür.

Seçkilərdə kimin qalib gələcəyini indidən proqnozlaşdırmaq çətindir. Lakin bir məsələ aydındır ki, kimin prezident seçilməyindən asılı olmayaraq Gürcüstan öz qərbyönümlü siyasətində güclü dəyişikliklər etməyəcək və bu da rus-gürcü münasibətlərinin bərpası və bununla əlaqədar Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsini gələcək perspektivə atacaqdır. 

/// Newtimes.az

OXŞAR XƏBƏRLƏR