Gürcüstandan Azərbaycana keçmək istəyən qaçaqmalçı dayandırılıb

Gürcüstandan Azərbaycana keçmək istəyən qaçaqmalçı dayandırılıb
Bütün Xəbərlər
15:19 21.12.2012
861

APA-nın məlumatına görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşı Nəsibov İntiqam Səməd oğlunun idarə etdiyi “KamAZ” markalı ZYZ-196 dövlət nömrə nişanlı yük avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin sol tərəfində yerləşən yanacaq çəninin içərisindən 1406 ədəd müxtəlif ölçüdə və çeşiddə olan fişənglər, 385 qutu partlayıcı funksiyalara malik müxtəlif pirotexniki vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.

Mobil telefon qaçaqmalçılığı ilə məşğul olan cinayətkar ünsürlərin də qarşısına “Sınıq Körpü” gömrük postunda etibarlı sədd çəkilir. Gürcüstandan respublikamıza gələn Azərbaycan vətəndaşı Zaur Rzayevin etibarnamə ilə idarə etdiyi “BMW-525” markalı 10 NZ 856 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin avtomobilin yük yerində ehtiyat təkərin içərisindən, arxa oturacağın arasında olan boşluqdan və müxtəlif gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilmiş şəkildə - cəmi 171 ədəd “Nokia” və “Samsung” markalı mobil telefonlar və mobil telefonlara aid aksesuarlar (171 ədəd qidalandırma cihazı, 171 ədəd karton qutu, 84 ədəd “qulaqcıq”, 25 ədəd USB kabel və 5 ədəd CD disk) aşkar edilib. 

Digər Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini Mahmudov İsa İsmayıl oğlunun idarə etdiyi “QAZ-33021” markalı 23 BF 582 dövlət nömrə nişanlı yük avtomobilinə gömrük nəzarəti həyata keçirilərkən nəqliyyat vasitəsinin yük yerinin qabaq hissəsində xüsusi düzəldilmiş arakəsmənin içərisindən bütün aksesuarları ilə birgə cəmi 504 ədəd “Nokia”, “Samsung”, “Xpress Music” və “KenXinDa” markalı mobil telefonlar gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb. 

Bütün faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır. 

Xatırladaq ki, təkcə son altı ayda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük nəzarətindən gizlədilmiş şəkildə 3823 ədəd müxtəlif markalı mobil telefonlar, 6107 ədəd mobil telefonlar üçün aksesuarlar aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR