Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR

Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
SOSİAL
17:07 06.10.2026
377
Öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

İlahiyyatçılar, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Zəfər gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxışında Azərbaycanda tolerantlıq və dini həmrəylik ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi məqsədyönlü siyasi kurs əsasında ölkəmizdə multikultural və milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirildiyini, bu siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Həmçinin qeyd olunub ki, müxtəlif dini konfessiyaların dinlərarası harmoniya şəraitində yaşaması Azərbaycanın çoxmədəniyyətli prinsiplərə sadiqliyinin göstəricisidir. O, həmin prinsiplərin cəmiyyətə, xüsusilə gənc nəslə aşılanmasının, eləcə də bu istiqamətdə regional konfransların təşkilinin əhəmiyyətini diqqətə çatdırıb. Tədbir çərçivəsində aparılacaq müzakirələrin nümunəvi tolerantlıq modelimizin daha geniş təbliğinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycanda birgəyaşayış mədəniyyətinin tarixinin yüzilliklərlə, hətta minilliklərlə ölçüldüyünü qeyd edib. Müxtəlif dinlərin və etnik qrupların əsrlərdir bir arada yaşadığı ölkəmiz üçün multikulturalizm və tolerantlıq həyat tərzidir, bu dəyərlərin qorunması isə əsas prioritetlərdəndir.

Gündüz İsmayılov bildirib ki, qarşılıqlı hörmət mühitinin gələcək nəsillərə ötürülməsi, inkişaf etdirilməsi və zamanın tələblərinə uyğun yeni çalarlarla zənginləşdirilməsi mühüm vəzifələrdəndir. Eyni zamanda, cəmiyyətdəki bu sabitliyə yönələn bəzi təhdidlərin, o cümlədən məzhəbçilik meyillərinin müşahidə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, bu cür yanaşmalar milli birliyə və sabit ictimai mühitə xələl gətirə bilər.

Sədr müavini bildirib ki, dini və məzhəb məsələlərindən sui-istifadə edərək milli birliyi zəiflətməyə yönələn meyillərə qarşı ən prinsipial mövqeyi din xadimləri nümayiş etdirməlidirlər. Onun fikrincə, şəhidlərimiz, qazilərimiz və ümumvətən anlayışı dini və məzhəb fərqlərindən asılı olmayaraq Azərbaycan cəmiyyətini birləşdirən ortaq dəyərlərdir.

Milli Məclisinin deputatı Kamran Bayramov bildirib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən din siyasəti etiqad azadlığının təmin olunmasına, ölkədə dinc yanaşı yaşayış ənənələrinin qorunmasına yönəlib. Dini icmalara göstərilən dövlət dəstəyi, eləcə də tarixi-dini abidələrin mühafizəsi, bərpası və yenidən qurulması istiqamətində görülən işlər bu siyasətin mühüm göstəricilərindəndir. Deputat çıxışında bölgələrdə təşkil edilən regional konfransların dini sabitliyin və mənəvi birliyin möhkəmlənməsi, radikal meyillərin qarşısının alınması, habelə cəmiyyətin maarifləndirilməsi baxımından əhəmiyyətini qeyd edərək, ideoloji təhlükəsizlik məsələsinə də toxunub. Bildirilib ki, kənardan gələn zərərli ideoloji təsirlər, milli-mənəvi dəyərlərə qarşı təxribatlar və cəmiyyətdə fikir ayrılığı yaratmaq cəhdləri qarşısında əsas vəzifələrdən biri milli birliyin qorunmasıdır. Bu məqamda din xadimlərinin və dini icma rəhbərlərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan K.Bayramov gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin və maarifləndirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Müşavirə işini "Müxtəliflik şəraitində birgəyaşayış və qarşılıqlı hörmət” və "Fərqli inanclar, ortaq dəyərlər: müasir çağırışlar fonunda birgə məsuliyyət” mövzuları üzrə panel müzakirələrlə davam etdirib.

Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib. 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR