Bütün Gürcüstanın patriarxı II İlyanın bu gün anadan olmasının 80-ci ildönümüdür. Bu münasibətlə ölkədə bir sıra tədbirlər keçirilir. II İlyanın 80-ci ildönümü münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Tiflisə səfər edib. O, Gürcüstan partriarxı II İlyanın iqamətgahında gürcülərin dini lideri ilə görüşüb. Görüşə Gürcüstanın yeni baş naziri Bidzina İvanişvili öz xanımı ilə birlikdə qatılıb. Tərəflər iki ölkə arasındakı münasibətləri, o cümlədən dini əlaqələrin hazırki səviyyəsini müzakirə edib.Görüşlə bağlı açıqlama verən bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə müzakirələrdən razı qaldığını bildirib: “Gürcüstanın baş naziri və parlament sədri ilə görüşlərimiz oldu. Bu görüşlərdə patriarx da iştirak edirdi. O, Qarabağ məsələsinin həllinin tərəfdarı olduğunu bildirdi. İvanişvilli də Azərbaycan səfərindən çox razıdır. Ümid edirəm ki, bundan sonra Azərbaycan-Gürcüstan münasibətləri daha da möhkəmlənəcək”.