00:45 çərşənbə, 20 Noyabr 2019
MƏDƏNİYYƏT

Hacı İsmayılov: "Afaq Bəşirqızı bir neçə sənətçi ilə ağız-ağıza verib, qanqaraçılıq yaradır"

14:11, 23.10.20195355
Hacı İsmayılov:
Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Afaq Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIV Konfransını boykot edərək zalı tərk edib. Xalq artisti konfransda özünü görmədiyini və Azərbaycan Teatr Xadimləri İttifaqının yenidən sədri seçilmiş Azərpaşa Nemətin ünvanına kəskin şəkildə ittihamlar irəli sürüb. Xalq artistinin bu çıxışı müzakirə predmetinə çevrilib.

Həmin konfransda iştirak edən Xalq artisti Hacı İsmayılov isə oxu.az-ın əməkdaşı ilə söhbətində yaşanan qalmaqallı hadisənin bir çox pərdəarxası məqamlarını gün üzünə çıxardıb.

O, həmkarının bu hərəkətini ona yaraşdırmadığını bildirib:

"Teatr Xadimləri İttifaqının konfransı keçirildi. Xalq artisti Afaq Bəşirqızı da bizlə bərabər konfransda iştirak etdi. Təəssüf ki, o, sona kimi qalmadı, yarıda konfransı tərk etdi. Afaq xanım yetərincə məşhur və sevilən aktrisadır. O sənətkardır. Başa düşə bilmirəm, hansı səbəblərə görə Afaq xanım ittifaqa qarşı sərt mövqe nümayiş etdirir. O, teatr xadimləri ilə çox yaxın münasibətdə olub. İki dəfə Bəşirqızı Teatr İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülüb. Onun ittifaqı bu cür aşağılaması heç kəsin ürəyincə deyil. Anlamıram, axı teatr xadimləri Afaq Bəşirqızına nə pislik ediblər? 60 yaşı tamam olanda Teatr İttifaqının təsis etdiyi "sənətkar medalı" ilə təltif olunub. Sonradan o, ittifaq tərəfindən keçirilən çoxsaylı tədbirlərinə qatılmadı. Hətta dəfələrlə dəvətnamə yollasaq da, Afaq xanım tədbirlərdə iştirak etmədi. Əvvəla o aktrisadır, musiqili teatrda işləyir, gözəl tamaşaları var. Mən onunla bir çox televiziya layihələrində birlikdə çəkilmişik. Başa düşə bilmirəm ki, o niyə belə bir mövqedədir. Onun ifadələrində həqiqət olmayan məsələlər çoxdur. Həddindən artıq çoxdur.

Afaq xanım bilmiyə-bilmiyə deyir ki, Teatr Xadimləri İttifaqı 10-15 nəfərlə öz aralarında xatirə gecəsi keçirir. Bu əsla belə deyil. 2014-cü ildən 2019-cu ilə kimi Teatr Xadimləri İttifaqı nə az, nə çox düz 87 tədbir keçirib. Bu tədbirləri isə Akademik Milli Dram Teatrı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi keçirib. Sözügedən tədbirlər Milli Konservatoriya, Mədəniyyət və İncəsənət Universiteti, C.Cəbbarlı adına Teatr Muzeyi, bundan savayı Bakı Şəhər Mədəniyyət vəTurizm Baş İdarəsinin nəzlində olan Suraxanıda yerləşən Heydər Əliyev adına mərkəzdə baş tutub. Afaq xanımın "ittifaq heç bir şey etmir" deməsi digər qurumlara da hörmətsizlikdir. İstəməzdim ki, Afaq Bəşirqızı bu cür müxalif yönümlü çıxışlar etsin. Başa düşə bilmirəm ki, Afaq xanım nə istəyir".

"Afaq xanımla konfransda görüşüb, nələrin baş verdiyini ondan xəbər ala bildiniz?" sualına isə H.İsmayılovun reaksiyası birmənalı olmayıb:

"Konfransda onunla görüşdüm. Salamlaşdım vəssalam. Baş verənlərlə bağlı söhbətimiz olmadı. Gəldi, çıxışları dinlədi, sonra gördüm ki, Afaq xanım zalı tərk edib".

A.Bəşirqızının müsahibəsində ittifaqla bağlı irəli sürdüyü daha bir ittiham isə qurumun nəznində əvvələr fəaliyyət göstərən, daha sonra dağılan və hələ də bərpa edilməyən aktyorların geyimlərini tikib ərsəyə gətirən sexlər olub. Bu sexlərin olmaması və geyimlərin məcburən Gürcüstandan alınmasına Hacı İsmayılov öncə etirazını bildirin, daha sonra isə A.Bəşirqızının sözlərini yalanlayıb:

"Vaxtı ilə Şəmsi Bədəlbəylinin, Mehdi Məmmədovun dövründə Teatr Xadimləri İttifaqında sexlər olub. Həmin sexlərdə aktyorlar üçün paltarlar, ayaqqabılar və digər geyim aksesuarları tikilib. O vaxt onlar dağılıb gedib. Onun indiki Teatr Xadimlərinin İttifaqına heç bir dəxli yoxdur. Onu indiki ittifaqın sədrinin ayağına yazmaq insafsızlıqdır, heç də yaxşı şey deyil. Biz Gürcüstandan heç nə almırıq, o özü bunu deyir. Bizə lazım olan ayaqqabılar şəhərdə mağazalarda var, oradan alıb istifadə edirik. Gürcüstana isə ayaqqabı almaq üçün getməyin lüzumu yoxdur".

Haci İsmayılov redaksiyamızın əməkdaşı ilə söhbətində sənət yoldaşının ittifaqın sədri Azərpaşa Nemətə qarşı səsləndirdiyi bir çox fikirlərin cəfəngiyyat olduğunu və həqiqəti əks etdirmədiyini, Afaq xanımın "sədrlik kürsüsünə" göz dikdiyini açıq şəkildə dilə gətirib:

"Azərpaşa Nəmətə qarşı Afaq Bəşirqızının dilə gətirdiyi ittihamlar qərəzli və qeyri-obyektivdir. Yanaşma düz deyil. O, axı bununla nə demək istəyir? Nə sübüt etməyə çalışır? Azərpaşa tanınmış rejissordur, Xalq artistidir, professordur. Afaq xanım tənqid etməyi bəs deyil, hələ üstəlik təhqirə də yol açıb. Bu kimi şeylər bir ziyalıya, bir incəsənət xadiminə yaraşmır. Hesab edirəm ki, gərək o, bu cür sözləri ağzına almayaydı. Onunla Teatr Xadimləri İttifaqı arasında münaqişə olmayıb. Son zamanlar kimsə Afaq xanımın qulağını doldurub, onu öyrədib, kimin təklifidir, nə istəyir anlamaq olmur. Yəqin öncə konfransın olacağından xəbər tutub, ola bilsin, özünü alternativ namizəd kimi göstərmək istəyirdi. Bəlkə sədrlik kürsüsünə əyləşmək ürəyindən keçirdi. Deyir ki, mənim öz konsepsiyam var. Konsepsiya sözü yaxşı sözdür, yaxşı ifadədir. Bir dialektiv, bir də metofiziki konsepsiya var. Bilmirəm, Afaq xanım bilir, ya bilmir, konsepsiya hər hansısa hadisəyə fərqli baxışlar sistemidir. Bizim ittifaqın nizamnaməsi dialektiv konsepsiya üzərində yazılıb. Hər şey öncədən ölçülüb, hüquqşünaslar oxuyub, qiymət verib və təsdiq edib. Biz bütün hərəkətlərimizi o nizamnaməyə uyğun qurmuşuq. İttifaqın üzvünün də, sədrinin də və bütün əməkdaşlar da nizamnaməyə uyğum hərəkətlərimizi icra edirik".

A.Bəşirqızının müsahibəsində ittifaq tərəfindən aktyorların evlə təmin edilməməsi məsələsi də cəmiyyətdə səs-küylə qarşılanıb. "Teatr Xadimləri İttifaqı aktyorların mənzil şəraitinin niyə yaxşılaşdırmır?" sualına Xalq artisti çoxlarının bilmədiyi faktları üzə çıxardıb, Afaq Bəşirqızının yalan informasiya yaymaqda günahlandırıb:

"Afaq xanım deyir ki, ittifaq indiyə kimi öz fəaliyyətində yanlışlıqlara imza atıb, aktyorları evlə təmin etməyib. Qeyd etmək istəyirəm ki, Teatr İttifaqı qeyri-hökümət təşkilatıdır. İttifaq kənardan maliyyələşmir və heç bir yerdən yardım almır. Öz daxili hesablarına və sədrimiz Azərpaşa müəllimim nüfuzu ilə bu boyda binanın (red: AzDrama) təmir-bərpa işlərini biz özümüz edirik. Üzvlük haqları elə üzvlərin özlərinə geri qaytarılır. İttifaqın əməkdaşlarına onlar paylanılmır. Afaq xanım qanqaraçılıq yaradır. İstəməzdim ki, o bu cür bir mövqe tutsun, ona bütün bunlar yaraşmır. Yaxşı aktrisadır, sizə deyim ki, əvvəllər belə bir münasibət sərgiləmirdi. Bilmirəm, son vaxtlar onda bu cür sərt fikirlər yaranıb. Bəlkə də bu yaşla əlaqəli bir məqamdır.

Bizim Afaq xanımla və ittifaqın sədri Azerpaşa ilə münasibətləri hər zaman yaxşı olub, elə indi də yaxşıdır. O da yəqin ittifaqın onun dediyi kimi olmağını istəyir. Anlaşılandır ki, Afaq xanım ittifaqı məhz belə görür. İttifaqın olduqca məhdud imkanları var. Aktyorlara ev, teatra bina vermək iqtidarında deyil. Bunun üçün müəyyən instansiyalar var. Nə olursa,  Mədəniyyət Nazirliyinə göndərilir. Onlar nə cavab verirlərsə, o da olur. Yəni bizim ayağa durub yuxarı instansiyalara müraciət etməyimiz doğru deyil. İmkanlarımız daxilində hamıya hörmət edirik, ittifaq hamının üzünə açıqdır. Kim istəsə gələ bilər. İttifaqın bütün fəaliyyətinə cavabdeh şəxsən özüməm. Bu mənim məsuliyyətimdir ki, tədbirlər yaxşı keçirilsin".

Hacı İsmayılov bir sıra sənətçinin Afaq xanımla ağız-ağıza verdiyini açıqlayıb:

"Bir çox sənət adamları Afaq Bəşirqızının ittihamları ilə razılaşmırlar. Ona qarşı etirazlarını açıq şəkildə bildirirlər. Bəzi sənətçilər ona tərəf çıxıblar. Onların da mövqelərini anlamaq olmur. Tutalım, Afaq xanım deyir, sən niyə bu cəfəngiyyatlara imza atırsan. Bir sıra sənətçi Afaq xanımla ağız-ağıza verib. Amma onlar bir şeyi anlamırlar ki, Teatr Xadimləri İttifaqının haqq-hesablarını aparmaq hər kişinin işi deyil. Bunları yalnız Azərpaşa Nemət bacarır. O, buranı saxlayıb, nə qədər canı sağdır, saxlamaqda davam edəcək".

A.Bəşirqızının daha bir ittihamı isə AzDramanın yaşı ilə bağlı olub. "Azərpaşanın rəhbər kürsüsündə daha çox oturması üçün Azdramanın yaşının azaldaraq 100-ə çatdırıb" məsələsinə H.İsmayılov sübut və dəlilləri ortaya çıxardıb, faktlarla danışıb:

"Bax bu cür fikirlər cəmiyyətdə düz olmayan fikirlər yaradır. Bunlar hamısı dezinformasiya xarakteri daşıyır. Azərbaycan Milli Teatrının tarixi 1873-cü ildən başlayır. Hazırda isə AzDramanın 147-ci mövsümüdür. Yəni 147 ildir ki, Azərbaycan Milli Teatrı var. İndiki Akademik Milli Dram Teatrının müxtəlif truppaları birləşdirilib, onların dövlət himayəsi verilməsi və rəsmi ad qoyulması isə 1919-cu il oktyabrın 24-nə təsadüf edib. Mayılov teatr binası həmin truppaya verilib və onlar dövlət teatr statusu alıb. Bu cümruhiyyətin dövründə olub. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra dağılmayıb, sadəcə onun adı dəyişdirilib. 1873-cü ildə yarananda o teatr deyil, truppa olub. Orada "Nicat" cəmiyyətinin şagirdləri oynayıblar, dəstəyə isə Həsən bəy Zərdabi rəhbərlik edib. Onlar da Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" tamaşasını oynayıblar. Bu, Azərbaycan Milli Teatrının tarixidir. Amma AzDramanın dövlət himayəsi altına keçməsi 1919-cu il oktyabrın 24-də olub. Azdramanın 100 yaşı var. Bu barədə cənab prezidentin sərəncamı var. Yubileyimiz qeyd olunacaq. Burada da anlaşılmazlıq meyli var. Sənədlər, sübutlar var".

XƏBƏR LENTİ