Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir

Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir
SİYASƏT
22:00 21.08.2026
323
Hacıbəy Heydərli, 
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru

Prezident İlham Əliyev avqustun 21-də Özbəkistanın UZA (uza.uz) xəbər agentliyinə müsahibədə Azərbaycan-Özbəkistan münasibətlərinin müxtəlif istiqamətləri ilə yanaşı, media və QHT əlaqələrindən də danışıb.

Cənab Prezident müsahibəsində deyib:

"Media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb. 2024-cü il sentyabrın 23-25-də Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci il sentyabrın 29-da isə Bakıda 2-ci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib. 

2023-cü ildə Füzulidə 1-ci Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə isə Daşkənddə 2-ci Özbəkistan-Azərbaycan QHT Əməkdaşlıq Forumu təşkil olunub. Bu forumların praktik nəticəsi olaraq, 2026-cı ildə iki qardaş ölkə birlikdə ilk dəfə QHT-lər üçün qrant müsabiqəsi elan edib. 

Həmin müsabiqənin nəticələrinə əsasən, Azərbaycandan qalib layihələr Özbəkistanda, Özbəkistandan qalib layihələr isə Azərbaycanda həyata keçiriləcək.”

Əminliklə demək olar ki, Prezidentin səsləndirdiyi bu faktlar Azərbaycan–Özbəkistan münasibətlərinin artıq yalnız siyasi, iqtisadi və mədəni əlaqələrlə məhdudlaşmadığını, media və vətəndaş cəmiyyəti səviyyəsində də sistemli, ardıcıl və praktik əməkdaşlığın formalaşdığını göstərir.

Xüsusilə media forumlarının ardıcıl şəkildə keçirilməsi çox mühüm məqamdır. 2024-cü ildə Daşkənddə, 2025-ci ildə isə Bakıda təşkil olunan Azərbaycan-Özbəkistan Media Forumları iki ölkənin media nümayəndələri arasında əlaqələrin təsadüfi görüşlərdən çıxaraq institusional müstəviyə keçdiyini göstərir. Bu cür platformalar jurnalistlərin bir-birini daha yaxından tanımasına, təcrübə mübadiləsinə, ortaq media layihələrinin müzakirəsinə və qarşılıqlı informasiya mübadiləsinin genişlənməsinə imkan yaradır.

Bu münasibətlər təkcə peşəkar əlaqələrlə məhdudlaşmır, eyni zamanda iki ölkənin ictimaiyyətinin bir-biri haqqında daha dolğun və obyektiv məlumat əldə etməsinə xidmət edir.

Hesab edirəm ki, bu gün Azərbaycan mediası üçün Özbəkistanla əməkdaşlıq xüsusi perspektivlər açır. Çünki hər iki ölkənin həm tarixi, həm mədəni, həm də mənəvi yaxınlığı var. Bu yaxınlığın informasiya məkanında da öz əksini tapması olduqca vacibdir. 

Azərbaycan və Özbəkistan jurnalistlərinin qarşılıqlı səfərlərinin, birgə layihələrinin, media forumlarının və peşəkar mübadilə proqramlarının artırılması bu baxımdan mühüm nəticələr verə bilər.

QHT forumlarının nəticələrinin konkret layihələrə çevrilməsi isə çox əhəmiyyətli məqamdır. 2026-cı ildə iki ölkənin ilk dəfə birgə QHT qrant müsabiqəsi elan etməsi göstərir ki, əməkdaşlıq artıq sadəcə forumlar, görüşlər və müzakirələrlə kifayətlənmir. Əldə olunan razılaşmalar real layihələrə, qarşılıqlı fəaliyyət mexanizmlərinə və konkret nəticələrə çevrilir.

Xüsusilə qalib layihələrin qarşılıqlı olaraq digər ölkədə həyata keçirilməsi çox müsbət yanaşmadır. Bu, Azərbaycan və Özbəkistan vətəndaş cəmiyyəti institutlarının bir-birinin təcrübəsindən yararlanmasına, ortaq problemlər ətrafında birgə təşəbbüslər irəli sürməsinə və insanlar arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradacaq.

Əslində, bütün bunlar Azərbaycan–Özbəkistan münasibətlərinin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu göstərir. Bu münasibətlər artıq yalnız dövlətlərarası diplomatik əlaqələr deyil. Burada jurnalistlər, QHT-lər, ekspertlər, ictimai institutlar və müxtəlif peşə sahələrinin nümayəndələri də fəal şəkildə iştirak edirlər. Bu isə qardaş ölkələr arasında əlaqələrin daha dayanıqlı və uzunmüddətli olmasına ciddi zəmin yaradır.

Hesab edirəm ki, Prezident İlham Əliyevin bu məqamları xüsusi olaraq vurğulaması da təsadüfi deyil. Çünki dövlətlər arasında əldə olunan siyasi və iqtisadi razılaşmaların cəmiyyətlər arasında real əlaqələrlə tamamlanması münasibətlərin davamlılığı baxımından çox vacibdir. Media və QHT-lər isə bu prosesdə xüsusi rol oynayır. Jurnalistlər iki ölkənin xalqları arasında körpü rolunu oynayaraq, qarşılıqlı münasibətləri, əməkdaşlıq imkanlarını və ortaq dəyərləri daha geniş auditoriyaya çatdıra bilərlər.

Əminəm ki, Azərbaycan-Özbəkistan media əməkdaşlığı bundan sonra daha da genişlənəcək. Jurnalistlər arasında birbaşa əlaqələrin, qarşılıqlı səfərlərin, birgə media layihələrinin və informasiya mübadiləsinin artırılması iki qardaş ölkənin bir-birini daha yaxından tanımasına xidmət edəcək. Eyni zamanda, bu əməkdaşlıq Türk dünyasının ortaq informasiya məkanının formalaşmasına da mühüm töhfə verə bilər.

Bu baxımdan Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir.
OXŞAR XƏBƏRLƏR