“Gənc Jurnalistlərin Yeni Media Məktəbi” layihəsi çərçivəsində təlimlər baş tutub.
AZXEBER.COM xəbər verir ki, təlimin ikinci günündə AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərli gənc jurnalistlərlə görüşüb. Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin moderatorluğu ilə baş tutan təlimin mövzusu "Xəbər portallarının inkişafında sosial şəbəkələrin rolu" olub.
Hacıbəy Heydərli bildirib ki, AZXEBER.COM sosial şəbəkələrdə ən aktiv xəbər portalıdır: "AZXEBER.COM informasiya portalının "facebook" sosial şəbəkəsində 210 min nəfərdən çox üzvü olan səhifəsi fəaliyyət göstərir. Bu Azərbaycan ən çox üzvü olan xəbər saytı səhifəsidir. Bundan başqa portalımızın 50 minə üzvə yaxın qrupu da var, "Tvitter" sosial şəbəkəsində də saytımızın rəsmi səhifəsi fəaliyyət göstərir. Həmçinin "Myvideo.az" və "İnstagram"da da görüntülü xəbərlərimizi və ən son fotoları izləmək imkanınız var. Bu baxımdan deyə bilərəm ki, AZXEBER.COM sosial mediada ən aktiv xəbər portalıdır".
Hacıbəy Heydərli həmçinin onu da qeyd edib ki, Azərbaycanda internet azadlığı var və istifadəçilər bundan maksimum dərəcədə yararlanır : "İnternet bu gün həyatımızın bir parçasına çevrilib və həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil. İnternet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir. Bu gün Azərbaycanda 2 milyona yaxın "facebook" istifadəçisi var, ölkəmizdə mövcud olan söz, fikir azadlığı özünü ən bariz şəkildə sosial şəbəkələrdə göstərir. Dövlət orqanları, nazirliklər sosial şəbəkələr vasitəsiylə vətəndaşlarla əlaqə saxlayırlar, onların problemlərini dinləyirlər. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti internetin inkişafında maraqlıdır. Ancaq çox təəsüf ki, biz bəzi hallarda görürük ki, sosial şəbəkələrdə tanınmış simalara, məşhurlara qarşı hədsiz aqressiya müşahidə olunur. Məncə bunu da normal qarşılamaq olar. Çünki hər bir kəs öz tərbiyəsinə və mədəniyyətinə uyğun şəkildə fikir bildirir. Düşünürəm ki, bunlar da zamanla düzələcək və müzakirələr forması daha mədəni forma alacaq".
Baş redaktor deyib ki, bu gün sosial şəbəkələr jurnalistlər üçün ən əsas xəbər mənbələrindən birinə çevrilib.
Görüş gənc jurnalistlərin sualları ilə davam edib.
Qeyd edək ki, “Gənc Jurnalistlərin Yeni Media Məktəbi” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azəri Gənclər Alyansı İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilir. Ozal İbrahimli





