“Valideynlərə daha yaxın, qayğılarını çəkən qız övladlarıdır”.
Statistik rəqəmlər göstərir ki, yeni doğulanlar arasında qızların sayı həddindən artıq aşağıdır. Statistika Komitəsinin son məlumatına görə, 2014-cü ildə Azərbaycanda doğulan 170503 uşağın 79093 nəfəri qız, 91410 nəfəri oğlan olub.
Dünya mütəxəssisləri buna səbəb olaraq tibbi müdaxilələri əsas gətirir. Azərbaycan da bu məsələdən yan keçmir. Biz niyə qızlardan imtina edirik?
AZXEBER.COM xəbər verir ki, Modern.az saytının sualını Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli cavablandırıb.
Deputat bunu ilk növbədə adət-ənənələrimizlə əlaqələndirib: “Qədimdən oğlan övladları haqqında “igiddir”, “qəhrəmandır”, “nəslin davamçısıdır” deyiblər. Bu gün isə nə qədər paradoksal olsa da, valideynlərə daha yaxın, onlara bağlı, qayğılarını çəkən qız övladlarıdır”.
Deputat bildirib ki, oğlan arzulayan valideynlər istəklərində yanıldıqlarını illər sonra anlayacaqlar: “Bu gün oğlan uşağı arzu edib qızları öldürən, abort etdirən valideynlər hələ bunu dərk etmirlər. İllər sonra ayılacaqlar ki, valideynə qalan qız övladıdır. Dünyanın bütün ölkələrində belə bir tendensiya var ki, 1-2 qız uşağı olanlar sonradan oğlan övladı istəyir. Zaman isə bunun əksini göstərir. Bəlli olur ki, qız uşaqları daha sədaqətli, daha etibarlıdır”.
Komitə sədri maraqlı sxemə diqqət çəkib: “Maraqlıdır, yeni doğulanlar içərisində oğlanlar 51 faiz, qızlar isə 49 faiz təşkil edir. 18 yaşında hər iki cins say etibarı ilə bərabərləşir. Sonrakı mərhələdə isə qızların sayı artmağa başlayır. Məlumdur ki, qadınlar daha uzun ömürlü olurlar. Düşünürəm ki, valideynlərin qız övladından imtina etmələrinin səbəbi, sadəcə, hissə qapılmadır”.
Hadi Rəcəbli uşağın cinsinin bilinməsindən sonra edilən abortların qanunsuz olduğunu da vurğulayıb: “Selektiv abort dünyanın bir çox ölkələri kimi Azərbaycanda da qadağandır. Cinsi biləndən sonra abort etdirmək olmaz. İslam dinində isə rüşeym formalaşdıqdan sonra onun məhv edilməsi yolverilməzdir. Kim selektiv abort etdirir və ya edirsə, o, qanunları pozur. Bu məsələdə həkimlər birbaşa məsuliyyət daşıyır. Selektiv abort olmasa, sadalanan məsələlər də ortadan qalxar. Məsələdən çıxış yolunu qanunların gücləndirilməsində görürəm. Buna görə də əvvəl selektiv abortun qadağan olunmasını təmin edilməsinə nail olmaq lazımdır”.