Mediada ölkədən qaçması ilə bağlı yayılan məlumatdan sonra iş adamı Hafiz Məmmədovun "Bakı" klubunun saytında futbolçulara təşəkkür açıqlaması yer alıb.
AZXEBER.COM xəbər verir ki, “Bakı”nın prezidenti klubun dünən baş tutan oyununda iştirak etməsə də, futbolçulara təşəkkür edərək onların çıxışından razı qaldığını bildirib:
““Neftçi” ilə oyun “Bakı”nın cari mövsümdəki son ev qarşılaşması idi. Komanda çox yaxşı təsir bağışladı. Göstərilən oyuna görə futbolçulara təşəkkür edirəm. Onlar əsl kollektiv kimi mübarizə apardılar. İnanıram ki, bu uşaqlar gələcəkdə Azərbaycan futboluna daha böyük xeyir verəcəklər. “Bakı” bu mövsüm 9-cu yeri tutdu. Amma bu nəticə bizi məyus etmir.
Çünki bu, onların böyük futbolda ilk addımlarıdır. “Bakı” vuruşqan komanda təsiri bağışladı. Bu gün komandamızda gənclərin oynaması Azərbaycan futboluna böyük fayda verəcək. Hazırda Premyer Liqanın bir çox klublarında “Bakı”nın yetirmələri oynayır. Bu, bizim düzgün iş apardığımızın göstəricisidir. İnanıram ki, hazırki heyətdə yer alan gənclər daha böyük uğurlar əldə edəcəklər. “Bakı” klubunun əsas məqsədi daim Azərbaycan futboluna xeyir vermək olub. Bu gün “Bakı”da oynayan gənclər yaxın gələcəkdə milli komandamızda da əsas söz sahibləri olacaqlar”.
Qeyd edək ki, azpolitika.info saytı məlumat yayıb ki, iş adamı mayın 16-da ölkədən Azərbaycandan qaçıb və Hafiz Məmmədov barəsində Nəsimi rayon məhkəməsi tərəfindən mayın 18-də həbs-qətimkan tədbiri seçilib.