'Hakimiyyəti mətbuatın inkişafına şərait yaratmağa, həbsdəki jurnalistləri azad etməyə çağırırıq'
MEDİA
15:59 03.05.2012
1552
Mayın 3-də Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə bir qrup media nümayəndəsi mərhum jurnalist Elmar Hüseynovun məzarını ziyarət edib. Eyni zamanda burada Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə Azərbaycan ictimaiyyəti adından müraciət qəbul olunub. “Media forum” saytı “Turan” agentliyinə istinadla müraciətin mətnini təqdim edir. Azərbaycanda söz azadlığı sahəsindəki sonuncu neqativ proseslər həyəcan doğurur və iqtidardan dərhal beynəlxalq öhdəliklərə və konstitusiya öhdəliklərinə uyğun qərar qəbul etməyi tələb edir. 2005-ci ildən başlayaraq mətbuata fiziki, mənəvi və məhkəmə vasitəsilə göstərilən təzyiqlər durmadan artır və təhlükəli forma alıb. 2005-ci ilin martında “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə buna start verilib. 2011-ci ildən indiyə qədərki dövr müxtəlif səbəblərə görə jurnalistlərin həbs edilməsi (8-dən artıq) və qəzetlər üzərində məhkəmə proseslərinin rekord həddə çatması ilə əlamətdar olub. Əgər əvvəllər jurnalistləri “şərəf və ləyaqətin alçaldılması” ittihamı ilə azadlıqdan məhrum edirdilərsə, son ildə onların jurnalist yaradıcılığına bağlı olmayan səbəblərdən həbs olunması təcrübəsi meydana çıxıb. Baş verən proseslər çox təhlükəlidir. Şəxsiyyətin açıq hədələnməsi və susdurulması bütün cəmiyyətə proyeksiyalanaraq qorxu və çarəsizliyi artırır. Jurnalist mühitində özünüsenzura qüvvətlənir, ifadə azadlığı məhdudlaşdırılır və bununla da insanın söz azadlığı kimi əsas hüququ pozulur. Bu hərəkətlər dövlətin öz vətəndaşları və beynəlxalq birlik qarşısında götürdüyü əsas öhdəliklərlə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, dövlətin ali məqsədi insanın hüquq və azadlıqlarını təmin etməkdir. İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə, Vətəndaş və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi hər bir insanın öz vətəndaş hüquq və azadlıqlarını müdafiə etmək və şəxsiyyətin hər hansı alçaldılması hallarını rədd etmək imkanını nəzərdə tutur. Əsas İnsan Hüquq və Azadlıqlarına Dair Avropa Konvensiyası hər kəsin öz fikirlərini açıq ifadə etmək hüququnu nəzərdə tutur. Həmin konvensiyaya əsasən, insanın bir hüququnun gerçəkləşdirilməsi digər insan haqlarının pozulması və ya məhdudlaşdırılması ilə müşayiət oluna bilməz. Beləliklə, iddiaçının şərəf və ləyaqətinin müdafiəsi jurnalistin fikir və informasiya yaymaq azadlığının məhdudlaşdırılmasına səbəb ola bilməz. Konstitusiyanın 71-ci maddəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə insan və vətəndaş hüquq və azadlıqlarının gözlənilməsi və müdafiəsi üzrə vəzifələr qoyur. Bu cür azadlıqların ön sırasında konstitusiyanın 47 və 50-ci maddələrinin təmin etdiyi söz, fikir, qanuni üsullarla informasiya axtarmaq, almaq, hazırlamaq və yaymaq azadlıqları durur. Azərbaycan 2001-ci ildə bu sənədlərin yurisdiksiyasının prioritetliyini tanıyaraq Əsas İnsan Hüquq və Azadlıqlarına Dair Avropa Konvensiyasına və onun protokollarına qoşulub. İnsanın ayrılmaz hüquq və azadlıqlarına aid olan söz və informasiya azadlığı başqa vətəndaş hüquqları üçün bazis təşkil edir. Müstəqil mətbuat olmadan söz, şəxsiyyət və cəmiyyət azadlığı mümkün deyil. Azad olmayan cəmiyyət isə hüquqi, demokratik dövlət qurmağa qadir deyil. Məhz o dövləti ki, Azərbaycan hakimiyyəti Avropa İttifaqı, NATO, Avropa Şurası və başqa bu kimi strukturlarla əlaqələr yaradarkən prioritet kimi bəyan edib. Bizi - vətəndaş cəmiyyətinin nümayəndələrini Azərbaycan hakimiyyətinin demokratik inkişaf xəttindən, söz azadlığının, şəxsiyyət azadlığının ən yüksək meyar olduğu dəyərlər məkanına inteqrasiya prosesindən uzaqlaşması narahat etməyə bilməz. Biz Azərbaycan hakimiyyətini söz azadlığı və insan hüquqları sahəsində xalq və beynəlxalq birlik qarşısında götürdüyü konstitusion və beynəlxalq öhdəliklərə əməl etməyə; Azərbaycanda azad və müstəqil mətbuatın inkişafı üçün bütün şəraiti yaratmağa; həbsdə olan jurnalistləri azad etməyə çağırırıq.