Hamiləlikdən doğuşa qədər: Uşağın dünyaya gəlməsi ailəyə neçəyə başa gəlir? – ARAŞDIRMA

Hamiləlikdən doğuşa qədər: Uşağın dünyaya gəlməsi ailəyə neçəyə başa gəlir? – ARAŞDIRMA
SOSİAL
12:26 04.11.2026
356
Xəbər verdiyimiz kimi, 2027-ci ildən uşağın doğulmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata çatdırılması proqnozlaşdırılır.

Məlum olduğu kimi, uşağın dünyaya gəlməsi ailələr üçün yalnız sevinc deyil, həm də ciddi maliyyə məsuliyyəti yaradır. Hamiləliyin ilk aylarından doğuşa qədər tibbi müayinələr, analizlər, dərmanlar və körpənin ilkin ehtiyaclarının qarşılanması üçün müəyyən məbləğdə vəsait tələb olunur.

AZXEBER.COM mövzu ilə bağlı araşdırma apararaq hamiləlikdən doğuşa qədər ailələrin qarşılaşdığı əsas xərc istiqamətlərini nəzərdən keçirib.

Ailələrin qarşılaşdığı ən mühüm xərclərdən biri də doğuşla bağlıdır. Bu zaman yekun məbləğ doğuşun hansı tibb müəssisəsində həyata keçirilməsindən və seçilən doğuş üsulundan asılı olur.

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə müəyyən şərtlər daxilində hamiləlik dövründə bir sıra laborator müayinələr, ultrasəs müayinəsi (USM), doppler müayinəsi, fizioloji doğuş və tibbi göstəriş əsasında klassik keysəriyyə əməliyyatı daxildir.

Özəl klinikalarda isə tibbi xidmətlər və doğuş paketləri üçün ayrıca ödəniş tələb oluna bilər. Bakıda özəl klinikaların açıq qiymət məlumatlarına əsasən, təbii doğuşun qiyməti 900–2 500 manat, keysəriyyə əməliyyatının qiyməti isə 1 100–3 000 manat və daha yüksək ola bilər.
Körpənin ilk ehtiyacları üçün nə qədər pul lazımdır?
Doğuş xərcləri ilə yanaşı, ailələr körpənin evə gətirilməsinə də əvvəlcədən hazırlaşmalıdırlar. Beşik, döşək, yataq dəsti, geyimlər, uşaq bezləri, gigiyena vasitələri və qidalanma ləvazimatları ilkin alış-verişin əsas hissəsini təşkil edir.

Təxmini qiymətlərə əsasən, bu məhsullar üzrə xərclər belədir:

- Yeni doğulmuş uşaq üçün geyim və tekstil məhsulları: 200–400 manat;
- Beşik, döşək və yataq dəsti: 350–1 300 manat;
- İlkin qulluq vasitələri, uşaq bezləri və gigiyena məhsulları: 100–250 manat;
- Butulka, əmzik, südsağan və qidalanma ləvazimatları: 100–300 manat;
- Ana üçün doğuş çantası, xüsusi geyim və gigiyena vasitələri: 100–250 manat.

Bununla yanaşı, bəzi ailələr uşaq arabası, avtomobil oturacağı, uşaq vannası, termometr, elektron nəzarət cihazları və digər məhsullar da alırlar. Bu məhsulların seçimi ailənin büdcəsindən və ehtiyaclarından asılı olaraq əlavə xərc yaradır.

Aparılan hesablamalara əsasən, qeyd olunan xərc istiqamətləri üzrə bir uşağın dünyaya gəlməsinə hazırlıq ailəyə təxminən 1 150–6 400 manata başa gələ bilər. Yekun məbləğ doğuşun dövlət və ya özəl tibb müəssisəsində həyata keçirilməsindən, eləcə də ailənin körpə üçün seçdiyi məhsul və xidmətlərdən asılı olaraq dəyişir.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR