Hansı ixtisas qrupunda ballar artacaq? - Açıqlama

Hansı ixtisas qrupunda ballar artacaq? - Açıqlama
SOSİAL
17:07 09.07.2025
406
Bildiyimiz kimi, ixtisas seçimi mərhələsinə sayılı günlər qalır və abituriyentlərin əsas narahatlığı balların hansı istiqamətdə dəyişəcəyidir.
 
İxtisas seçimi zamanı hansı ixtisas qrupu üzrə balların artacağı hələ ki məlum deyil.
 
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli indi konkret rəqəmlərlə danışmağın düzgün olmadığını bildirib:

"Dövlət İmtahan Mərkəzinin statistik jurnalı hələ yayımlanmayıb, bu səbəbdən konkret rəqəmlərlə danışmaq doğru olmazdı. Amma mövcud müraciət sayı, plan yerlərinin ümumi bölgüsü və əvvəlki illərin dinamikası bu il bəzi ixtisaslarda keçid ballarının artacağı ehtimalını gücləndirir.


Mövcud vəziyyət onu göstərir ki, ali məktəblərə qəbul üçün ümumilikdə plan yerlərinin sayı artsa da, bu artım abituriyentlərin çoxluğunu kompensasiya etməyə kifayət etmir. Müraciət edənlərlə plan yerləri arasında təxminən 50 min nəfərlik fərq var və bu o deməkdir ki, bu qədər abituriyent seçim zamanı kənarda qalacaq. Rəqabətin bu səviyyədə sərtləşməsi, xüsusilə populyar və reytinqli ixtisaslarda balların yüksəlməsinə səbəb ola bilər".

Ekspert bildirib ki, bir sıra ixtisaslar var ki, onlara marağın çox olması keçid ballarına təsirsiz ötüşməyəcək:
 
"İlkin müşahidələr göstərir ki, hüquq, beynəlxalq münasibətlər, kompüter mühəndisliyi, informasiya texnologiyaları, maliyyə, menecment və ənənəvi olaraq tibb ixtisasları bu il də geniş maraq doğurur. Bu istiqamətlər üzrə həm dövlət, həm də özəl ali təhsil müəssisələrinə ciddi tələbat var. Təbii ki, bu maraq keçid ballarına da təsirsiz ötüşməyəcək. Digər tərəfdən, bəzi ixtisaslarda sabitlik qorunub saxlanacaq, çünki planlı qəbul sayı ilə müraciət sayı arasında nisbət balanslıdır".

Əmrah Həsənli həmçinin qeyd edib ki, bu il 700 bal toplayan abiturientin olmaması keçid ballarının aşağı düşmə ehtimalını yaradır:
 
"Maraqlı nüanslardan biri də odur ki, bu il hələlik 700 bal toplayan abituriyent qeydə alınmayıb. Bu hal bəzi yüksək reytinqli ixtisaslarda keçid ballarının ötən illə müqayisədə bir qədər aşağı düşməsi ehtimalını yaratsa da, ümumi mənzərə fonunda bu tendensiyanın kütləvi şəkildə təsir göstərəcəyi gözlənilmir. Çünki bu yalnız bal aralığının yuxarı ucunu əhatə edir, orta və yüksək nəticə göstərən geniş kütlə üçün isə rəqabət kifayət qədər sərtdir.

Bütün bunlar onu göstərir ki, bu il ixtisas seçimi mərhələsi ciddi düşünülməli və təkcə keçid ballarına əsasən deyil, abituriyentin marağına, bacarığına və gələcək planlarına uyğun aparılmalıdır. Əks halda, ani balla uyğunluq əsasında verilmiş qərar sonradan təəssüf doğura bilər. Odur ki, seçim zamanı yalnız keçid balı deyil, həm də şəxsi inkişaf imkanları, əmək bazarındakı tələbat və akademik motivasiya nəzərə alınmalıdır".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR