“Hansısa müəllimlə şəxsi münasibətim yaranarsa bəlkə o zaman...” – MÜSAHİBƏ

GƏNCLİK
23:17 30.09.2011
2137

Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.

AZXEBER.COM portalı “Aslanın erkəyi dişisi olmaz” pyesinin rejissoru Elgün Məmmədovun müsahibəsini təqdim edir.

-Oxucularımız üçün məlumat verərdiniz, Elgün Məmmədov kimdir və necə olduki bu festivalda iştirak etmək qərarına gəldi?

Mən ADİU-nun tələbəsiyəm. Festivala haqqında məlumat əldə etdikdən sonra bura qatılmaq və öz istedadımı burada nüaiş etdirmək qərarına gəldim. Ümumiyyətlə, mənim incəsənətə çox böyük marağım var. İncəsənətin müxtəlif növləri ilə həvəskar olaraq məşğul oluram. Rəsm çəkmək, otlardan və güllərdən kompozisiya düzəltmək, taxtadan və daşdan heykəl yonmaq kimi maraqlarım var. Bunlarla həvəskar şəkildə məşğul oluram. Amma, aralarında ən çox marağım rəsm çəkməyədir. Düşünürəm ki, bu məndə daha yaxşı alınır. Rejissorluğa olan həvəsim isə bunların hamısından çox idi, ona görə onun peşəkar səviyyəyə çatdırmaq qərarına gəldim.

-Rəssamlığa həvəsiniz var dediniz. Şəkillərdə, əsasən nə çəkirsiniz?

Mən rəssam deyiləm, bu işlə həvəskar olaraq məşğul oluram. Xoşuma gələn hər şeyi çəkirəm. Bəzən təbiət mənzərələri çəkirəm. Əsasən insan üz cizgilərini və bədən cizgilərini çəkməyi xoşlayıram.

İncəsənətin bir neçə növü ilə də həvəskar şəkildə məşğul olursunuz. Bəs bunlardan hansınısa davam etdirmək istəyirsiniz?

Mən çox istəyərdim ki, rəssamlıq və heykəltəraşlığı peşəkar səviyyəyə keçirim. Amma bu mümkün deyil.

Niyə mümkün deyil? İkinci təhsil kimi ala bilərsiniz...

Bəzi səbəblər var. Artıq xeyli yaşım var, oxumaq vaxtım da keçir. Həm də mən rayon yerində doğulmuşam, ora şəhər kimi deyil hərənin öz şəxsi təsərrüfatı var. Bu təsərrüfatla da məşğul olanda başqa sahələrlə məşğul olmağa vaxt qalmır. Lakin, hansısa müəllimlə şəxsi münasibətim yaranarsa, bəlkə o zaman fərdi şəkildə bəzi şeyləri öyrənməyə çalışaram. İndi isə tələbəyəm, hələ imkanım var ki, öz sahəmlə məşğul olum.

-İxtisasınız sırf estrada ilə bağlıdır. Bitirəndən sonra harada işləməyi düşünürsünüz?

Təəssüf ki, bizim ixtisas üçün hər hansı bir mərkəz, iş yeri yoxdur. Bəlkə nə vaxtsa, yaradılar, bəlkə elə biz yaradarıq. Amma, hələ elə bir yer olmadığı üçün fakültəni bitirənlər digər rejissorlar kimi teatrda çalışırlar. Yəqin ki, bir müddət mən də elə edərəm.

-Elgün necə düşünürsünüz, yerli rejissorlarla əcnəbi rejissorlar arasında əsas fərq nədir?

Məncə, elə bir fərq yoxdur. Onlar da, biz də eyni işi görürük.

-Bəs niyə bizdə "Oscar" qazanan yoxdur?

Bilmirəm. Əslində, əvvəl olsaydı yaxud televiziya, radio, internet bu qədər inkişaf etməsəydi nə isə deyə bilərdim. Hətta kitablar da tərcümə olunub, eyni kitabları oxuyuruq. Dünyada baş verən hər hansı hadisəni internet vasitəsilə anında öyrənirik. Sadəcə daha çox çalışmaq lazımdır.

-Sonda, sizcə “Aslanın erkəyi dişisi olmaz” pyesi festivalda layiqli yerini tutacaqmı?

Biz müəllif Pərviz Məmmədovla görüşümüz zamanı bu barədə ətraflı danışmışıq. O da, çox istedadlı bir gəncdir. Düşünürəm ki, biz bu festivalda çox iddialı iş ortaya qoyacağıq. İnşallah nəticəsini hamı görəcək.

Ülkər Eldarqızı

OXŞAR XƏBƏRLƏR