Azərbaycanda neçə qəzet adı saya bilərsiniz?
Bir yoxlayın... Yəqin ki, 20-30-u keçməz. Bəlkə də çox dedim. Halbuki, ölkədə rəsmi qeydiyyatdan keçən 4100-dən artıq qəzet var. Onların adını nəinki sadə oxucu, heç mediada illərlə çalışanlar da bilmir. Bu qədər mətbu nəşrin içərisində cəmi 50-60 qəzet müntəzəm olaraq çap olunur. Onların da böyük əksəriyyətinin tirajı 1000-2000 ədəddir. Bu qəzetlərin cüzi tirajlarının çox hissəsi də alınmadığı üçün geri qayıdır.
Bəs yerdə qalan 4000-dən çox mətbu nəşr kimə və nəyə lazımdır? Əgər himayədarları olmasaydı, bu qəzetlər statistikanı necə doldura bilərdi? Deməli, bu qəzetlərin böyük faizi himayə olunur, faydasını isə cəmiyyət, oxucu, lap elə dövlət yox, ancaq bir-iki nəfər və ya kiçik bir qrup hiss edir.
İctimai rəyə təsir göstərmək gücü olmayan, oxucunun çoxdan imtina etdiyi qəzetləri maliyyələşdirməyə, yaşatmağa nə lüzum var?
Sadə bir hesablama aparaq. Ay ərzində Azərbaycanda bütün qəzetlərin tirajlarının cəmi təxminən 4 milyon 500 min ədədə yaxındır. Ölkədə 9 milyondan çox əhalinin olduğunu nəzərə alsaq, ayda hər oxucuya 0.4 qəzet düşür, yəni bu, heç bir ədəd qəzetin yarısı belə eləmir. Çap olunan əksər qəzetlərin tirajlarının 50%-dən artığının redaksiyalara geri qayıtdığı bir halda bu rəqəm ikiqat azalır, yəni olur 0.2.
Bu da mənzərə. Ortada məhsul-qəzet yoxdur. Halbuki internet portallarının daha çox olduğu Avropa ölkələrində aylıq adambaşına düşən qəzetlərin sayı 25-40 arasında dəyişir. Biz Azərbaycanda “qəzet qəbristanlığı”ndan danışa bilərik.
İndi təkrar olaraq, ölkədəki qəzetlərin rəsmi say statistikasına qayıdıram-4100. Paradoksal vəziyyət yaranıb- bir tərəfdən qəzetlərin say çoxluğu, o biri tərəfdən oxucuya qəzetin çatmaması. Yəni çap olunan bu qədər qəzeti oxuyan az qala yoxdur.
Bu qəzetlərin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi, reketçiliyi, cəmiyyətin, dövlətin, oxucunun maraqlarına deyil, himayədarlarının mənafeyinə xidmət etməsi, ələbaxımlılığı gerçək jurnalistika ilə məşğul olanları da nüfuzdan salır, onların adına xələl gətirir. Bu qəzetlərin hörməti elə “hörmət” qədərdir, ondan artıq deyil.
Bu gün nə qəzet, nə də cəmiyyət bir-birini formalaşdıra bilmir, çünki qəzetdə cəmiyyətin, cəmiyyətdə isə qəzetin yeri boş görünür. Dünyada qəzetlərin oxucuları cəlb etmək üçün keyfiyyəti, dərin analitik yazıları səhifələrində artırdıqları bir vaxtda Azərbaycanda qəzet redaktorlarının çoxunu bu boşluq qayğılandırmır. Onları sadəcə plan doldurmaq işi kimi qəzeti çapa göndərmək və boyat xəbərlərlə, məzmunsuz, səthi yazılarla “rəqabət” aparmaq düşündürür. Artıq bu, işləmir.
Bu gün Azərbaycan qəzetçiliyi bu günlə yaşaya bilmir, dünənlə yaşayır və haqlı olaraq çoxunda ümumiyyətlə qəzetin həyatda olması şübhə doğurur.
Qəzetlərin böyük əksəriyyəti bir-biri ilə vuruşan cəbhələrə bölünüb, cəmiyyəti birləşdirmək, həmrəy etmək əvəzinə parçalamaqla məşğuldur. Azərbaycanda olduqca az mətbu orqan qalıb ki, maarifçilik funksiyasını itirməsin, cəmiyyətin mənəvi-əxlaqi dəyərlərini aşındırmasın.
Cəmiyyətin fikir müxtəlifliyinin ən tolerant- dözümlü yeri olmalı olan qəzetlər əslində bunu bacarmır. Görün nə baş verir? İctimaiyyətin içinə getməli olan qəzet ictimaiyyətdən qaçır. Məmurları qınayırıq, amma sosial şəbəkələrdə fəal neçə qəzet redaktoru var?
Kiçik oxucu kütləsi olan, ancaq böyük ambisiyalardan danışan qəzetlər necə ictimai rəy liderləri ola bilərlər?
Dünyada qəzetlərin gələcəyi müzakirə olunur. Bəzi proqnozlar 10-15 ildən sonra qəzetlərin artıq formatını dəyişdirməyin qaçılmaz olduğundan xəbər verir, qəzetlərin maddi daşıyıcılığı getdikcə itir. Ancaq Azərbaycanda qəzetlərin böyük hissəsi həm sözün həqiqi, həm də məcazi mənasında maddi daşıyıcı olaraq qalır.
Bu gün təkəbbürlə özünü yuxarıda hesab edən qəzetlərin əksəriyyəti fərqindədirmi ki, oxucu onları tabut kimi çiyninə qaldırıb. Bu yolun hara apardığı isə bəllidir.
AZXEBER.COM











































