Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır

Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
SOSİAL
12:33 06.10.2026
167

Yayın isti günlərində küçələrdə qarpız, yemiş, dondurma və sərinləşdirici içkilər satanlara daha çox rast gəlinirdisə, havaların soyuması ilə küçə ticarətində də mənzərə dəyişib.

AZXEBER.COM xəbər verir ki, payızın gəlişi ilə küçə satıcıları yay məhsullarını tədricən daha çox mövsümi meyvə, isti qida və içkilərlə əvəz etməyə başlayıblar. 

Hazırda küçə və səyyar satış nöqtələrində nar, heyva, xurma, mandarin, portağal, limon, feyxoa, kivi, alma, armud və digər mövsümi meyvələr daha çox diqqət çəkir.

Nar və nar şirəsi

Payızın küçə satışında ən çox diqqət çəkən məhsullardan biri də nardır. Satıcılar həm narın özünü, həm də ondan hazırlanan təzə nar şirəsini təklif edirlər.

Xüsusilə insanların sıx olduğu ərazilərdə nar şirəsi hazırlayan səyyar satış nöqtələrinə rast gəlmək mümkündür. 

Xurma, heyva və feyxoa

Yay aylarında piştaxtalarda üstünlük təşkil edən meyvələrdən fərqli olaraq, payızda xurma, heyva və feyxoa kimi məhsullar ön plana keçir. Xurma xüsusilə payızın sonlarında küçə və bazarlarda daha çox görünən məhsullardandır. Heyva isə həm təzə halda satılır, həm də evlərdə müxtəlif formada istifadə olunur. Feyxoa da havalar soyuduqca satışda görünən mövsümi meyvələr sırasındadır.

Mandarin və portağal mövsümü

Payızın sonu və qış aylarında küçə satışının əsas məhsullarından biri də sitrus meyvələri olur. Mandarin, portağal və limon həm bazarlarda, həm də müxtəlif küçə satış nöqtələrində daha çox görünür. Xüsusilə mandarin soyuq havalarla assosiasiya olunan məhsullardan biri kimi küçə ticarətində öz yerini tutur. 

Şabalıdın vaxtı çatır 

Havaların soyuması ilə küçələrdə ənənəvi görüntülərdən biri də isti şabalıd satışıdır. Qovrulmuş şabalıdın qoxusu xüsusilə axşam saatlarında küçələrdə daha çox hiss olunur. Soyuq havada isti məhsula üstünlük verən insanlar üçün şabalıd küçə satışının diqqətçəkən məhsullarından birinə çevrilir. 

Qoz, fındıq və tum satışı 

Payız-qış mövsümündə çərəz və tum məhsullarının satışı da aktuallaşır. Qoz, fındıq, badam, tum və müxtəlif çərəzlər həm açıq satış nöqtələrində, həm də kiçik səyyar piştaxtalarda təklif olunur. Bu məhsulların bir hissəsi ilboyu satılsa da, soyuq aylarda onların küçə satışında daha çox önə çıxması müşahidə edilir. 

Balıq satışı da canlanır

Soyuq havaların başlaması ilə balıq satışında da canlanma müşahidə olunur. Xüsusilə payız aylarında balıq satılan ərazilərdə alıcıların sayının artdığı görünür. Balıq satanlar əsasən müxtəlif növ yerli balıqları təklif edir, bəzi satış nöqtələrində isə məhsul alıcının istəyinə uyğun təmizlənir. 

İsti qidalar küçələrə qayıdır

Havanın soyuması yalnız meyvə seçimini deyil, insanların küçədə yemək vərdişlərini də dəyişir. Yayda daha çox soyuq içkilərə və yüngül məhsullara üstünlük verən insanlar payız-qış aylarında isti qidalara yönəlirlər. Qutab, isti qarğıdalı, müxtəlif xəmir məhsulları, kartof, şabalıd və digər isti qəlyanaltılar küçə satışında daha çox görünür.

Çay və qəhvə satışı

Soyuq havalarda küçə ticarətinin daha bir istiqaməti isti içkilərdir. Çay və qəhvə satan kiçik köşklər, səyyar satış nöqtələri və müxtəlif içki məntəqələri payız-qış aylarında daha çox müştəri cəlb edir. 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR