'Həbsdəki jurnalistlərə vəkilləriylə görüşməyə imkan verilmir'

MEDİA
22:01 01.05.2012
1831
Media Hüququ İnstitutu bəyanat yayıb. AZXEBER.COM bəyanatı olduğu kimi təqdim edir. Media Hüququ İnstitutu 1 saylı İstintaq Təcridxanasında saxlanan jurnalistlər - “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və “Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyevin vəkilləri Rəşid Hacılı ilə görüşməsinə şərait yaradılmamasını pisləyir, jurnalistlərin, eləcə də onun vəkilinin hüquqlarının pozulmasının qarşısının alınmasını, müdafiə hüququnun səmərəli həyata keçirilə bilməsi üçün normal şərait yaradılmasını tələb edir. Sərt siyasi tənqidləri ilə seçilən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 28 oktyabr 2011-ci il tarixdə həbs olunub. Millət vəkili Gülər Əhmədovanın şikayəti əsasında rüşvət alma əməlinə görə həbs olunan jurnalist artıq altıncı aydır ki, istintaq təcridxanasında saxlanılır. Regional “Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyev isə həmin telekanalın icraçı direktoru Vüqar Qonaqovla birgə 13 mart 2012-ci il tarixdə saxlanılıb. 2 həftədən çox qanunsuz olaraq DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi binasının zirzəmisində tutulan jurnalistlər sonradan Penitensiar Xidmətin 1 Saylı İstintaq Təcridxanasına köçürülüblər. Onlar ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və vəzifə səlahiyyətlərini aşma cinayətində təqsirləndirilirlər. Hər 3 jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Rəşid Hacılı aprel ayında təcridxanada bir neçə dəfə jurnalistlərlə görüşüb. Ancaq aprelin 28-də vəkilin Əvəz Zeynallı və Zaur Quliyevlə görüşünə imkan verilməyib. Təcridxana rəhbərliyində görüşə şərait yaradılmamasını prokurorluğunun “xüsusi göstərişi” ilə izah ediblər. Media Hüququ İnstitutu təqsirləndirilən şəxslərin vəkilləri ilə görüşməsinə imkan verilməməsinin çox ciddi qanun pozuntusu olduğunu yada salır. Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi görüşlərin sayına və müddətinə heç bir məhdudlaşdırma qoymadan vəkillərə müdafiə etdikləri şəxslərlə təklikdə görüşmək, konfidensial ünsiyyət qurmaq hüququ verir. Cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına görə, hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə görüş verilməlidir. Bu görüşlərin sayı və müddəti məhdudlaşdırılmamalıdır. Şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etmiş vəkillərin cəzaçəkmə müəssisəsinə daxil olması, müvəkkillləri ilə görüşü təmin olunmalıdır.
OXŞAR XƏBƏRLƏR