“Azərbaycanda insanlar azad internetə hələ hazır deyil”.
AZXEBER.COM xəbər verir ki, bunu publika.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, dünyanın əksər ölkəsində dövlət tərəfindən internetə nəzarət olunsa da, ancaq Azərbaycanda internet tam azaddır. S.Novruzov deyib: “Lakin insanlar hələ azad internetə hazır deyil. Çünki son vaxtlar sosial şəbəkələrdə etikadan kənar, Azərbaycanın milli mentalitetinə xas olmayan müxtəlif materiallar paylaşılır. Gizlin adlarla, oğurluq etməklə bir-birləri ilə yazışırlar. Bütün bunlar doğru deyil. Onlar belə etməklə gündəmdə qalmaq istəyir. Bu cür adamlar radikal müxalifətin nümayəndələridir. Onların hərəkətlərindən bir daha görünür ki, heç bir etika və mədəniyyətləri yoxdur. Mitinqlərində də hər şey göründü. Özlərini ziyalı adlandırsalar da, ancaq çıxışların hər bir kəlməsi söyüşdən ibarət olur. Bu cür adamlar elə bu cür sürünə-sürünə də çıxıb gedəcəklər”.
YAP icra katibinin müavini qeyd edib ki, artıq Azərbaycan xalqı öz seçimini edib: “İnşallah ayın 9-da hər birimiz bunu görəcəyik”.